YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Con Bolton: ABŞ-ın Azərbaycan ilə münasibətləri strateji əhəmiyyət kəsb edir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir Elmar Məmmədyarov Azərbaycanın ABŞ ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini bildirib, bir sıra sahələrdə, xüsusilə terrorizmə qarşı mübarizə çərçivəsində sıx əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Eləcə də, nazir Elmar Məmmədyarov ABŞ hökumətinin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan C.Bolton ABŞ-ın Azərbaycanla münasibətlərinin strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Müşavir Con Bolton Azərbaycanın terrorizmə qarşı mübarizə çərçivəsində Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəsinin yüksək qiymətləndirildiyini qeyd edib.

Qarşı tərəfə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar haqqında məlumat verən nazir Elmar Məmmədyarov mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu bildirib. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğunu diqqətə çatdıran nazir Elmar Məmmədyarov münaqişənin həllində davamlı sülhə nail olunması üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu və bu ərazilərdən zor gücü ilə qovulan insanların öz evlərinə geri qayıtmalı olduqlarını diqqətə çatdırıb.

Söhbət zamanı Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji, nəqliyyat və tranzit layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz dəhlizi ilə bağlı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.