YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda ilk Milli Turizm Sammiti keçirilir

Oktyabrın 18-də Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Milli Turizm Sammiti öz işinə başlayıb.

Dövlət Müstəqilliyi Gününün 27-ci ildönümündə keçirilən sammitdə dövlət orqanlarının, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, turizm sənayesinin, yerli və xarici tərəfdaş şirkətlərin, ictimaiyyətin təmsilçiləri daxil olmaqla, ümumilikdə, 1500-dən çox nümayəndə iştirak edir.

Tədbiri açan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Bildirib ki, Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, habelə xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə dövlətimiz tərəfindən bir sıra mühüm işlər həyata keçirilir. Bu gün qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan turizm sahəsində kompleks tədbirlər reallaşdırılır. Son illərdə ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, otellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin bölgələrimizə marağını artırıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması dövlətimizin başçısının bu sahəyə olan xüsusi diqqət və qayğısından xəbər verir. Qısa fəaliyyəti dövründə turizm sahəsinin inkişafı istiqamətində bir sıra işlər görən agentlik hazırda yeni layihələrin reallaşmasına çalışır. Bu gün geniş ictimaiyyətə təqdim olunacaq Azərbaycanın yeni turizm brendi bu qəbildəndir.

Sonra Azərbaycanın yeni turizm brendi təqdim edilib.

Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının qərarı ilə iqtisadiyyatın əsas inkişaf istiqamətlərindən biri kimi müəyyənləşdirildiyindən turizm dövlət əhəmiyyətli sənaye sahəsi və biznesdir. Ölkə rəhbərliyi turizm sahəsinin inkişafına xüsusi diqqət ayırır. Məhz bu ticarət markası ilə yaxın illərdə ölkəmiz kompleks turistik məhsullar və xidmətlərlə bu sahədə öz yerini möhkəmləndirəcək. Bütün bunlar isə dövlətin büdcəsinin formalaşdırılmasına, əlavə iş yerlərinin açılmasına, əhalinin geniş kəsiminin gəlirlərinin artmasına kömək edəcək. Brend həm yerli, həm də xarici mütəxəssislərin iştirakı ilə hazırlanıb. İşin əsas hissəsi brendinq üzrə dünyaca tanınmış şirkətlərin, uzun illər bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin, korporasiya və dünya miqyaslı tədbirlərin brendinqini həyata keçirən “Landor Associates” şirkəti tərəfindən hazırlanıb.

Qeyd edək ki, yeni brendin dünya ictimaiyyətinə təqdimatı bu ilin noyabrında Londonda keçiriləcək Dünya Səyahət Bazarı (London WTM) sərgisində reallaşacaq.