YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Rusiyalı deputatın Dağlıq Qarabağa qanunsuz səfəri iki dövlət arasında münasibətlərin ruhuna ziddir

“Hazırda Azərbaycan-Rusiya münasibətləri ən yüksək səviyyədədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin son dövrlər bu istiqamətdə gördükləri işlər münasibətlərimizi daha da dərinləşdirib”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. 

S.Hüseynova bildirib ki, hazirda parlamentlərarası münasibətlərimiz də inkişaf etməkdədir.  Amma təəssüf edirik ki, 7 oktyabrda Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa qanunsuz səfər edən bir qrup rusiyalı qadın nümayəndələri arasında Rusiya Dövlət Dumasının Beynəlxalq komitəsinin sədrinin birinci müavini Svetlana Jurova da olub. Rusiyalı deputatın Dağlıq Qarabağa qanunsuz səfəri iki dövlət arasında münasibətlərin ruhuna ziddir.

“Onlar öz səfərlərini “qadınlar sülh naminə” adlandırırlar. Amma bütün dünya ictimaiyyəti bilir ki, Dağlıq Qarabağ münaqişəsinin Ermənistan və Qarabağın erməni separatçıları başlayıb. Yəqin Svetlana Jurovaya məlum deyil ki, təkcə Xocalı soyqırımında ermənilər tərəfindən 106 qadın və 63 uşaq qətlə yetirilib. Qarabağ müharibəsi zamanı erməni separatçıları tərəfindən qətlə yetirilmiş insanlar arasında yalnız azərbaycanlı deyil, həm də rus milliyətinin nümayəndələri də var. Onlardan 4-nün Azərbaycanın Milli Qəhrəmanı - Yuriy Kovalyov, İqor Makeev, Yevqeni Karlov, Viktor Seryoqinin adlarını çəkmək kifayət edər. Bu cür hərəkətlərlə erməni terrorçuları onlarla rus analarını da gözüyaşlı qoymuşlar. Svetlana Jurovanın bu aksiyaya qoşulması Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin  nizamlanmasında vasitəçi ölkə kimi mövqeyi və rolu haqda Azərbaycan ictimaiyyətində xoşagəlməz təsəvvür yarada bilər. Təəssüf doğurur ki, Rusiya qadınlarının bu qrupu yəqin problemin tək hüquqi deyil, həm də əxlaqi komponentini anlamadan könüllü və ya könülsüz bu aksiyaya qoşulublar və bununla da bütün xeyriyyə fondlarının fəalları üçün əsas sayılan “zərər vermə” prinsipini pozubar. Mən Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi rusiyalı həmkarlarıma müraciət edərək onları bu cür qanunsuz səfərlərdən çəkinməyə çağırıram”-deyə, deputat qeyd edib.