YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azerspace-2”nin orbitdəki sınaq prosesləri başa çatdıqdan sonra peyk kommersiya fəaliyyətinə başlayacaq

“Azerspace-2”nin orbitdəki sınaq prosesləri başa çatdıqdan sonra peyk kommersiya fəaliyyətinə başlayacaq.

“Azərkosmos” ASC-dən bildirilib ki, Fransız Qvianasında yerləşən kosmodromdan – Qviana Kosmik Mərkəzindən sentyabrın 26-da uğurla orbitə buraxılan “Azerspace-2” peyki ABŞ-ın “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub. Peyk geostasionar orbitdə 45° şərq uzunluğu orbital mövqeyində fəaliyyət göstərəcək. “Azerspace-2” peykinin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.

Yeni peykin istismarı üçün Bakıda və Naxçıvan Muxtar Respublikasında yerüstü infrastruktur yenilənib. Orbitdəki sınaq prosesləri və yekun orbital mövqeyə yerləşdirilməsi uğurla başa çatdıqdan sonra peykin idarəçiliyi istehsalçı şirkət tərəfindən “Azərkosmos” ASC-yə təhvil veriləcək ki, bundan sonra peyk kommersiya fəaliyyətinə başlamaq üçün tam hazır vəziyyətdə olacaq.

“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

Yeni peyk “Azərkosmos”un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, həm də birinci telekommunikasiya peyki – “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. Bu da öz növbəsində “Azərkosmos”a bu günədək ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradacaq. Bir sözlə, “Azerspace-2” “Azərkosmos” ASC-nin təbiətinə görə kifayət qədər mühafizəkar və yüksək rəqabətli peyk xidmətləri bazarındakı dəyər təklifini və mövqeyini gücləndirəcək.

Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. “Azərkosmos”un xidmətlərinin alıcıları əsasən xarici ölkələrdəki qurumlar olduğundan onun fəaliyyəti ixraca istiqamətlənib.

Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev "Azerspace-2" peykinin orbitə buraxılmasını böyük nailiyyət adlandırıb. Prezident deyib: “Bu, kosmik dövlət kimi Azərbaycanın mövqelərini daha da möhkəmləndirir. Bizim indi 3 peykimiz var. "Azerspace-2" peykinin orbitə çıxarılması bizim böyük qələbəmizdir. Eyni zamanda, bu sahədə görüləcək işlər bizə əlavə vəsait gətirəcək. Onu da qeyd etməliyəm ki, peykin imkanlarının demək olar yarısı, bəlkə də yarıdan çoxu artıq satılıb. Bundan sonra qalan təqribən 40 faiz hələ ki, bölüşdürülməyib. Peykin xidmət potensialı, o da bölüşdürüləcək. Bu, kommersiya baxımından çox əlverişli layihədir, özünü tam doğruldacaq və bizə böyük həcmdə valyuta gətirəcək. Bu, bir ixrac növüdür. Eyni zamanda, kadr hazırlığı, texnologiyaların inkişafı baxımından çox önəmli layihədir. Biz haqlı olaraq fəxr edə bilərik ki, bizim indi 3 peykimiz vardır”.

Şirkətin idarəçiliyində olan “Azerspace-1” peykinin gəlirlərinin 80 faizi, “Azersky” peykinin gəlirlərinin 98 faizi xarici bazarlarda formalaşır. “Azərkosmos”un hazırda dünyanın 25-ə yaxın ölkəsində 100-dən çox özəl və dövlət şirkətlərinin daxil olduğu sabit müştəri bazası mövcuddur. Bu gün Reuters, MTV, National Geographic kimi media nəhəngləri peyk xidmətləri üzrə biznes tərəfdaş olaraq “Azərkosmos”u seçir.

Dəyəri 233 milyon ABŞ dolları olan və beş ildir ki, fəaliyyət göstərən “Azerspace-1” peykinin resurslarının 80 faizi kommersiyayönümlü istifadədədir. Bu günədək peykin tutumlarının istismarından 80 milyon ABŞ dolları həcmində gəlir əldə edilib. Peykin qalan ömrü ərzində ölkə iqtisadiyyatına daha 220 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.

Başlıca tətbiq sahəsi Azərbaycanın müdafiə və təhlükəsizliyinə xidmət etmək olan “Azersky” peykinin də kommersiya potensialı var. “Azersky” peykinin xidmətlərindən nəinki Azərbaycanda, eləcə də Fransa, Moldova, Latviya, Estoniya, Tacikistan, Özbəkistan və digər ölkələrdə aktiv istifadə olunur. Dəyəri 157 milyon avro olan “Azersky” peykindən bu günədək 24 milyon ABŞ dolları həcmində gəlir əldə edilib.

 

DİGƏR Xəbərlər Arxiv