YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafael Hüseynov: Son illərdə Avropa Şurasının fəaliyyətindəki əsas narahatlıq doğuran nöqsan kimi ikili standartların mövcudluğu göstərilir

“Son illərdə Avropa Şurasının fəaliyyətindəki əsas narahatlıq doğuran nöqsan kimi ikili standartların mövcudluğu göstərilir. Bu, həqiqətən təşkilatı içəridən yeyən, eroziyaya uğradan ağır bir xəstəlikdir. İkili standartlar olan yerdə heç vaxt nə obyektivlikdən, nə də tam ədalətdən danışmaq mümkündür. Lakin artıq Assambleyanın üzərində işlədiyi və hazırladığı, fəlsəfəsi etibarilə nəcib layihədəki bir məqam istər-istəməz ikili standartlar xəttini davam etdirir, hətta həmin çərçivədən də kənara çıxır. Bəlkə də bu yanaşmaya yeni ad tapmaq, yaxud onu “üçlü standart” adlandırmaq lazım gələcək”. Bu fikirləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin komitə sədri Rafael Hüseynov deyib.

R.Hüseynov bildirib ki, AŞPA-da nitq söyləmiş dövlət başçıları arasında Ermənistanın iki sabiq prezidentinin də çıxışları var. “Biz burada son 18 il ərzində konkret faktlara və sübutlara əsaslanaraq mütəmadi olaraq işğalçı Ermənistanda cinayətkar rejimin mövcudluğunu, orada terrorizmin dövlət siyasətinə çevrildiyini vurğulamışıq. Sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın öz xalqına və qonşulara qarşı ağır cinayətlərdə bilavasitə iştirak etdiklərini dönə-dönə söyləmişik, ölkədəki prezident seçkilərini hər dəfə, sadəcə, qanun pozuntuları ilə deyil, ağır dövləti cinayətlər törətməklə gerçəkləşdirdiklərini bəyan etmişik. Burada səslənən inkişaf haqqında hesabatlarda isə hər dəfə həqiqətin əksinə olaraq işğalçı və terrorçu Ermənistan ittiham edilməyib, hər dəfə seçkilərin də qanuni keçirildiyi təsdiqlənib”, - deyə R.Hüseynov diqqətə çatdırıb.

Azərbaycan nümayəndə heyətinin üzvü deyib ki, Ermənistanda xalq ayağa qalxdı, deyilənləri təsdiq edərək sabiq prezidenti diktator elan etdi və devirdi. Avropa Şurası da Ermənistanda demokratik proseslər baş verdiyini təsdiqlədi, yeni hakimiyyətin qələbəsini məhz demokratiyanın təntənəsi kimi dəyərləndirdi. Ermənistanın yeni rəhbərliyi isə hər iki sabiq prezidenti cinayət məsuliyyətinə cəlb etmək istiqamətində qəti addımlar atır.

“Yaxşı, indi necə başa düşək? Standartlar, qiymətvermələr elə qarışıb ki, normal məntiqlə ondan baş çıxarmaq müşküldür. Avropa Şurasının vaxtilə dəstək göstərdiyi, indi nitqlərini öz saytında yerləşdirmək istədiyi iki sabiq prezidenti Ermənistan dövlətinin özü cinayətkar sayır. Ermənistan o cinayətkar şəxslərlə bağlı mövqeyini açıq bəyan edib. Avropa Şurası isə bilməzlikdən, ya bilərəkdən buraxdığı həmin səhvləri etiraf etmək fikrində deyil. Avropa Şurası indi Ermənistandakı yeni hakimiyyəti demokratik sayır və lap az öncə elə bu yeni hakimiyyətin devirdiyi Sarkisyanın seçkilərini buradaca necə təqdir və vəsf etdiyini isə sanki unudub. Belə bir çıxılmaz vəziyyətin yaranması qanunauyğundur. Çünki bir ədalətsizlik adətən başqa bir ədalətsizliyi doğurur. İkili standartların tətbiq edilməsi mütləq fəsadlar yaradır və üstündən zaman keçəndən sonra zərbəsi gəlib elə ona tətbiq edənə də dəyir”, - deyə deputat vurğulayıb.