YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbdürrəhman Əş-Şamisi: Azərbaycanın işğal olunmuş ərazilərində istehsal edilən məhsulların BƏƏ-yə idxalına imkan verilmir

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki baş konsulu Cavidan Hüseynov bu ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Şarca Əmirliyindəki Ofisinin rəhbəri Şeyx Əbdürrəhman bin Məhəmməd Əş-Şamisi ilə görüşüb.

Səmimi görüşə görə təşəkkürünü bildirən baş konsul C.Hüseynov Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərə böyük önəm verdiyini və ölkələrimiz arasında səmimi dostluq və qardaşlıq münasibətlərinin olduğunu diqqətə çatdırıb.

Ə.Əş-Şamisi baş konsul C.Hüseynovu yeni təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Ə.Əş-Şamisi iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın mövcud olduğunu bildirib və birgə səylərlə bu əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Baş konsul C.Hüseynov BƏƏ-nin Ali Federal Şurasının üzvü, Şarca Əmirliyinin hökmdarı Şeyx Sultan bin Məhəmməd Əl-Qasiminin rəhbərliyi altında Şarca Əmirliyində aparılan işlər, habelə təhsil, iş, məskunlaşma və digər sahələri əhatə etməklə əcnəbilər üçün yaradılmış əlverişli mühitə toxunub. O bildirib ki, bütün əcnəbilər, o cümlədən Azərbaycan vətəndaşları burada yaradılan şəraiti yüksək qiymətləndirirlər.

Öz növbəsində, Ə.Əş-Şamisi son illərdə BƏƏ-dən Azərbaycana müşahidə edilən turist axınına diqqət çəkib, Azərbaycan xalqının qonaqpərvərliyi, ölkənin əlverişli iqlimi və turistlərin rahatlığı üçün yaradılan şərait, habelə BƏƏ vətəndaşlarına göstərilən diqqət və qayğıdan, eləcə də viza rejiminin sadələşdirilməsi istiqamətində atılan addımlardan danışıb, fürsətdən istifadə edərək, bütün görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlığını ifadə edib.

C.Hüseynov Azərbaycana səfər edən bütün turistlərə, xüsusən ərəb ölkələrindən olan turistlərə lazımı xidmət və qayğının göstərilməsi məsələsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət mərkəzində olduğunu qeyd edib.

Görüşdə baş konsul Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub və torpaqlarımızın 20 faizinin hələ də düşmən tapdağı altında olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni iqtisadi fəaliyyət barədə məlumat verib.

C.Hüseynov erməni hərbi birləşmələrinin zabit və əsgərləri tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı məlumatları özündə əks etdirən kitabı həmsöhbətinə təqdim etmiş və Xocalı faciəsi zamanı 613 insanın qətlə yetirildiyini, gühansız insanlara, hətta qadınlara, uşaqlara və yaşlılara belə rəhm edilmədiyini diqqətə çatdırıb.

Ə.Əş-Şamisi BƏƏ-nin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində müxtəlif sənədlərin qəbulu zamanı dəstək nümayiş etdirdiyini bildirib. O, Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni iqtisadi fəaliyyət nəticəsində əldə olunan məhsulların BƏƏ-yə idxalına imkan vermədiklərini və bu mövqeyin bundan sonra da davam edəcəyini söyləyib.

Söhbət zamanı qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə edilib.