YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinə gələcəkdə də töhfələrini verəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 4-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdat Amreev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Elmar Məmmədyarov Bağdat Amreevi Türk Şurasının baş katibi seçilməsi münasibətilə təbrik edib.

Bağdat Amreev fəaliyyətində dövlət başçılarının qəbul etdikləri qərarlar əsasında Türk Şurasının daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. O, Azərbaycanın bu işdə həmişə dayaq olacağına ümidvar olduğunu bildirib və bu mənada Türk Şurasının bir beynəlxalq qurum kimi 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə toplantısında təsis edilməsinin tarixi əhəmiyyətini vurğulayıb.

Görüşdə Türk Şurasına daxil olan ölkələr və xalqlar arasında dil və mədəniyyət sahələrində mövcud olan ortaq mirasın müasir dövrün tələblərinə uyğun şəkildə təbliğ və təşviq edilməsinin münasib yolları və bu məqsədlə aparılmalı islahatlar müzakirə edilib. Ölkələrimiz arasında iqtisadi-ticari və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğu qeyd edilib. Bununla yanaşı, Türk Şurasının BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlığının dərinləşdirilməsi istiqamətində aparılan işlər müzakirə olunub.

Nazir Elmar Məmmədyarov baş katib Bağdat Amreevə fəaliyyətində uğurlar arzu edərək Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinə gələcəkdə də töhfələrini verəcəyini söyləyib.