YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Misirli deputat: Qahirə Bakı ilə əməkdaşlığa böyük əhəmiyyət verir

Misir-Azərbaycan münasibətləri yüksək səviyyədədir və uğurla inkişaf edir, əlaqələrimizin dərin tarixi kökləri var. Bunu Misir Nümayəndələr Palatasının deputatı, xarici əlaqələr üzrə parlament komissiyasının üzvü, doktor Hişam Məcdi söyləyib.

Deputat bildirib ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi dost Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir. H.Məcdi xatırladıb ki, bu ilin fevralında Misirin dövlət başçısı iqtisadi əməkdaşlığa dair Misir-Azərbaycan hökumətlərarası birgə komissiyanın iclasında iştirak etmək üçün Qahirəyə səfər etmiş iqtisadiyyat naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Prezident Əbdülfəttah əs-Sisi iki ölkənin xalqlarının dost və qardaş olduğunu qeyd edərək, Misirin bütün sahələrdə Azərbaycanla əməkdaşlığa hazır olduğunu vurğulayıb. Bundan əvvəl, 2016-cı ilin noyabrında Misir Prezidenti Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu qəbul edib. Görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri, həmçinin ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı yolları müzakirə olunub.

Hişam Məcdi qeyd edib ki, Misir bir çox aktual məsələlərdə Azərbaycanı daim dəstəkləyir: "Misir 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra dövlət müstəqilliyinin bərpa olunmasını elan edən Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Bununla yanaşı, Qahirə, artıq uzun illərdir Ermənistanın işğalı altında olan Azərbaycan ərazisinin 20 faizinin – Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun qaytarılması məsələsində beynəlxalq və regional təşkilatlarda rəsmi Bakını dəstəkləməklə, dəyişməz və prinsipial mövqe nümayiş etdirir. Bizim ölkəmiz, həmçinin Azərbaycan torpaqlarında erməni işğalına son qoyulması tələblərini ehtiva edən beynəlxalq və regional təşkilatların bütün qətnamələrini dəstəkləyir".

Misir parlamentinin üzvü hesab edir ki, iki xalqın rifahı naminə ölkələrimiz arasında, xüsusən Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə son illər qazanılmış iqtisadi nailiyyətləri nəzərə alaraq, bütün sahələrdə əməkdaşlığın böyük potensialı var.

Müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərindən bəhs edən misirli deputat turizmin inkişafının əhəmiyyətinə toxunaraq, turizm üçün cəlbedici, yüksək mədəniyyət və sivilizasiyaların mərkəzləri olan Azərbaycan və Misirdə hər iki istiqamətdə turist axınını artırmaq istiqamətində müvafiq şəraitin yaradılmasının zəruriliyini də qeyd edib. H.Məcdi vurğulayıb ki, Bakı ilə Şarm əş-Şeyx arasında 2018-ci il noyabrın 8-də açılacaq birbaşa aviareys ölkələrimiz arasında turist mübadiləsində mühüm amil olacaq. "Birbaşa reysin açılması Misir və Azərbaycan arasında ticari-iqtisadi və sərmayələr üzrə əməkdaşlığın da genişlənməsinə şərait yaradacaq", - deyə deputat əlavə edib. O, iki ölkə arasında əmtəə dövriyyəsi həcminin artırılması və mövcud potensialdan tam şəkildə istifadə olunmasının zəruriliyini də vurğulayıb.

Hişam Məcdi əlavə edib ki, bu kontekstdə qarşılıqlı mədəniyyət tədbirlərinin keçirilməsi böyük əhəmiyyətə malikdir. Onun sözlərinə görə, mədəni əlaqələrin dərinləşdirilməsi qardaş xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir.

Misirli deputat deyib: "Sevindirici haldır ki, hazırda Misirin müxtəlif əyalətləri və Azərbaycan rayonları arasında əməkdaşlıq fəal inkişaf edir. Misirin Qolubiyyə və Cənubi Sinay əyalətləri ilə Azərbaycanın Abşeron və Qəbələ rayonları arasında dostluq və əməkdaşlığa dair sazişlər imzalanıb. Misir Nümayəndələr Palatasında yaradılmış Misir-Azərbaycan Parlamentlərarası dostluq qrupu qanunverici orqanlar arasında əlaqələrin və xalqlarımızın dostluğunun möhkəmlənməsinə böyük töhfə verir. Fürsətdən istifadə edərək, Azərbaycanı Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə təbriklərimi çatdırmaq, bütün Azərbaycan xalqına uğurlar və gələcək tərəqqi arzulamaq istəyirəm".

"Şübhəsiz ki, ikitərəfli münasibətlərin möhkəmlənməsi və ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük səylər göstərilib və mühüm işlər görülüb. Zənnimcə, dövlət başçılarımızın qarşılıqlı səfərləri bu inkişafa əlavə təkan verəcək və əlaqələrimizi daha yüksək və keyfiyyətcə yeni səviyyəyə qaldıracaq", - deyə H.Məcdi sonda vurğulayıb.