YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Helsinki prinsipləri əsasında yaranan ATƏT bu prinsiplərin bərqərar olunmasını təmin edə bilmir

“Təəssüflər olsun ki, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar özlərinin qəbul etdiyi prinsiplərə və normalara əməl və  hörmət etmirlər. Helsinki prinsipləri əsasında yaranan ATƏT bu prinsiplərin bərqərar olunmasını təmin edə bilmir. Bu, təkcə Azərbaycanla bağlı deyil, digər ölkələrə yanaşmada da belədir. Biz ATƏT Parlament Assambleyasında bu məsələni dəfələrlə qaldırmışıq”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, ATƏT-in  bu məsələdə mövqeyi və yanaşması  Azərbaycanı qane etmir və edə bilməz. Çünki, ATƏT işğalçı ölkə olan Ermənistanla, işğala məruz qalan Azərbaycan arasında bərabərlik işarəsi qoyur, işğalçını öz adı ilə çağırmır, beynəlxalq hüququ heçə sayan ölkəyə qarşı hər-hansı bir təsirli tədbilər görmür. Cənab Prezident İlham Əliyev Milli Məclisin 100 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı bu barədə çox açıq və qəti fikrini bir daha ifadə edərək bildirdi ki, beynəlxalq təşkilatlar Azərbaycana, münaqişənin həllinə münasibətdə  ikili standartlara və haqsızlığa yol verirlər, işğalçı Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq etmirlər.

“Bu yaxınlarda Prezident İlham Əliyev ATƏT-in baş katibi Tomas Qrimenqer ilə görüşündə də Azərbaycanın  mövqeyini bir daha  vurğuladı  ki, ATƏT Ermənistanın qeyri-konstuktiv mövqeyinə açıq şəkildə münasibət bildirməlidir. Ermənistanın baş naziri Nikol Paşinyan danışıqların formatını dəyişmək istəyir. ATƏT-in özünün yaratdığı danışıqlar formatını kiminsə dəyişmək istəməsi yolverilməzdir. ATƏT bu məsələyə sərt mövqe bildirməyincə, Paşinyan kimi adamlar avantürist mövqeyini davam etdirəcək və  öz daxili auditoriyasını sakitləşdirmək üçün belə sərsəm bəyanatlardan əl çəkməyəcək. Ona görə də, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırki  mövqeyi bizi qane etmir. Münaqişənin həlli ilə bağlı yeganə mandata sahib  olan ATƏT mövcud vəziyyətə qeyri-adekvat yanaşır və bu, bizi ciddi narahat edir. O ki qaldı ATƏT PA-nın münaqişənin həllinə yanaşmasına, onu deyə bilərəm ki, bu məsələdə Assambleyanın mövqeyi qənaətbəxşdir. Çünki, 2015-ci ildə ATƏT PA mənim  müəllifi olduğum  “ATƏT Ərazisində Dövlətlərarası Münasibətlərdə Helsinki Prinsiplərinə Bağlılıq” adlı qətnaməni qəbul etməklə münaqişənin həlli ilə öz prinsipal mövqeyini ortaya qoydu. Belə ki, qətnamədə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin dəyişilməzliyi prinsipləri əsasında həll edilməsinin vacibliyi vurğulanır, öz müqəddaratının təyin edilməsinin isə yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində mümkün olduğu qeyd edilir.  İşğal olunmuş ərazilərdən qovulmuş vətəndaşlarımızın qeyd-şərtsiz və ləyaqətli bir şəkildə öz yurd- yuvalarına dönməsi üçün şəraitin yaradılması tələb olunur. Bu baxımdan ATƏT PA-nın mövqeyi açıq və qəti şəkildə ifadə olunubdur və bu da bizi tam qane edir. Bundan başqa biz, ATƏT PA-nın bütün iclaslarında Dağlıq Qarabağ məsələsəni qaldırmışıq, haqlı mövqeyimizi diqqətə çatdırmışıq, Ermənistanın işğalçı mahiyyətini ifşa etmişik və bundan sonra da edəcəyik”-deyə, A.Quliyev vurğulayıb.