YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dubaydan Azərbaycanın digər şəhərlərinə birbaşa uçuşların həyata keçirilə bilər

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov Dubay aeroportlarının sədri Şeyx Əhməd bin Səid Al Maktum ilə görüşüb. Şeyx Əhməd bin Səid Al Maktum həm də “Emirates” və “Fly Dubai” Hava Yollarının, “Dubay World” holdinqinin, “Nur” bankının, “Dubay Aviation City” korporasiyasının sədridir.

Görüş zamanı əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin birinci Prezidenti Şeyx Zayed əl Nəhyan tərəfindən qoyulmuş ikitərəfli münasibətlərin bütün sahələrdə sürətlə inkişaf etdiyi vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin milli iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına dair strategiyası çərçivəsində ölkəmizdə aparılan genişmiqyaslı işlər barədə ətraflı məlumat verilib. Sözügedən strategiya çərçivəsində ölkəmizdə mövcud olan turizm potensialının həyata keçirilməsi istiqamətində görülən işlər, əldə edilmiş nailiyyətlər barədə danışılıb. Azərbaycanda demək olar ki, bütün turizm növlərinin, o cümlədən müalicə, dini, ekoturizm, macəra, ixtisaslaşdırılmış, kənd turizminin mövcudluğu qeyd olunub. Dünyanın demək olar ki, bütün ölkələrindən yüz minlərlə turistin ölkəmizə səfər etdiyi, son illərdə xalqlarımız arasında təmasların genişləndiyi, Azərbaycana səfər edən BƏƏ vətəndaşlarının sayının ildən-ilə artmasının əməkdaşlığa yeni dinamika verdiyi bildirilib. Vurğulanıb ki, rəsmi statistikaya görə, 2017-ci ildə BƏƏ-dən Azərbaycana yüz mindən çox turist səfər edib və bu da 2016-cı illə müqayisədə 2 dəfə çox olub.

Görüşdə xüsusi vurğulanıb ki, hazırda BƏƏ vətəndaşları Azərbaycana səfər etmək üçün vizanı elektron qaydada və ya ölkəmizin beynəlxalq hava limanlarında əldə edə bilirlər. Bununla yanaşı, cari ilin iyul ayından başlayaraq BƏƏ-nin rezident vizasına sahib olan bütün əcnəbilərə vizalar Azərbaycanın beynəlxalq hava limanlarında rəsmiləşdirilir.

Səfir BƏƏ turistlərinin Azərbaycana artmaqda olan maraqlarının birbaşa uçuşlar coğrafiyasının genişləndirilməsini stimullaşdırdığını diqqətə çatdıraraq, hazırda “Azərbaycan Hava Yolları”nın Bakı-Dubay, BƏƏ-nin “Fly Dubay” şirkətinin Dubay-Bakı və Dubay-Qəbələ, "Air Arabia” şirkətinin Şarja-Bakı, Şarja-Qəbələ, "Etihad” Hava Yollarının Əbu-Dabi-Bakı marşrutu üzrə birbaşa uçuşlarının həyata keçirildiyi barədə məlumat verib. BƏƏ turistlərinin Azərbaycana maraqlarının getdikcə artması baxımından səfir BƏƏ-dən Naxçıvan, Gəncə və Azərbaycanın digər şəhərlərinə birbaşa uçuşların açılmasının vacibliyini bildirib, bu şəhərlərin və Azərbaycanın digər məkanlarının turistik potensialı barədə danışıb. Eyni zamanda, hava daşımalarına yeni aviaşirkətlərin cəlb olunmasının da məqsədəuyğunluğu qeyd olunub.

Şeyx Əhməd bin Səid Al Maktum, öz növbəsində, “Azərbaycan Hava Yolları”nın Dubay hava limanına uçuşlar təşkil edən şirkətlər arasında ən keyfiyyətli xidmət göstərən şirkətlərdən biri olduğunu, yerli sərnişinlər tərəfindən sevildiyini qeyd edib, bu xidmətlərə görə Emin Sadıxova və şirkətin rəhbərliyinə təşəkkürünü ifadə edib.