YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəhruz Quliyev: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm layihələr həyata keçirir

«Azərbaycan Avropa ölkələri ilə, o cümlədən Almaniya ilə fəal əməkdaşlıq münasibətlərinə malikdir. Bu gün ölkəmizin Avropa İttifaqı ilə əlaqələri yüksələn xətlə inkişaf edir. Avropa İttifaqının aparıcı dövləti olan Almaniya ilə də Azərbaycanın iqtisadi, siyasi, humanitar və mədəni sahələrdə münasibətləri yüksəkdir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm layihələr həyata keçirir. Almaniyanın Federal Kansleri Angela Merkelin ölkəmizə səfəri zamanı da bu faktorlar vurğulandı. Belə bir halda səfər zamanı Azərbaycan Prezidentinin və Almaniyanın Federal Kanslerinin birgə mətbuat konfransı zamanı alman jurnalistin ölkəmizdəki demokratik vəziyyət, insan haqları ilə bağlı qərəzli sualı, eləcə də, Azərbaycanı Əfqanıstanla səhv salması ən azı təəssüf doğurur». Bu fikirləri «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, alman jurnalistin həmin sualı ilk növbədə Almaniya mediasının imicinə zərbə vurur. Onun sözlərinə görə, bu sualın qərəzli və sifarişli olduğu açıq-aydın görünür: «Həmin jurnalistə bu sualı sifariş verənlərin Azərbaycan haqqında təsəvvürləri yanlışdır, ya da məqsədli şəkildə anti-azərbaycançı mərkəzlər tərəfindən hazırlanıb. Azərbaycanda söz və mətbuat azadlığının, insan hüquqlarının təmin olunması dövlət siyasətinin prioritetidir. Bu sahələrdə mükəmməl hüquqi baza mövcuddur. Bütövlükdə, Azərbaycan demokratik dəyərlərə sadiqdir. Bu reallıq nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də qeyd olunur. Çünki demokratik inkişafla bağlı dövlətimizin, Prezidentimizin siyasi iradəsi ortadadır. Azərbaycan dövləti demokratik dəyərlərin inkişafına güclü dəstək verir. Həm KİV-ə, həm də QHT sektoruna göstərilən dəstək buna əyani sübutdur. Bunları görməmək isə ən azı qərəzin göstəricisi ola bilər».

Baş redaktor qeyd edib ki, Azərbaycanda heç kim siyasi baxışlarına, peşə fəaliyyətinə görə həbs olunmayıb. Müxtəlif cinayətlər törətmiş şəxslər isə təbii ki, qanun qarşısında cavab verməlidir.

Alman jurnalistin sualında Azərbaycanın Əfqanıstan kimi təqdim olunmasına gəlincə, B.Quliyev söyləyib ki, həmin jurnalist ilk növbədə Almaniya mediasına zərbə vurmaqla, həm də  özünü gülünc vəziyyətə salıb: «Bu sualdakı yanlışlıq jurnalist tərəfindən əvvəlcədən redaktə oluna bilərdi. Əfqanıstanın adının məqsədli şəkildə çəkilməsi də mümkündür. Amma bütün hallarda  öz ölkəsinin hökumət başçısının səfərini işıqlandıran bir jurnalistin bu cür kobud səhvi gülünc olmaqla yanaşı Almaniya mediasına da hörmətsizlikdir».