YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddiası işğalçılığın nümayişidir

«Ermənilər zaman-zaman havadarlarının dəstəyi ilə qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış etmiş və bunu  həyata keçirmək üçün ən çirkin yollara əl atmış,  işğalçılıq, təcavüzkar siyasətlərini erməni diasporunun əsassız təbliğatına uyğun olaraq   ört-basdır etməyə səy göstərmiş,  özlərini beynəlxalq ictimaiyyətə «yazıq», «məzlum», «döyülən və əzilən» millət kimi təqdim etmişlər. Lakin  tarixin hər bir səhifəsi bu saxtakarlıqlara, yalanlara  tutarlı cavabdır.»  Bu fikirləri «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə  Yerevanın  mərkəzi  Respublika meydanında yerləşən  əsas metrostansiyada yer alan,  Ermənistanın qonşu dövlətlərə- Türkiyə, İran və Gürcüstana  ərazi iddialarını özündə əks etdirən saxta xəritənin yerləşdirilməsinə münasibətində bildirib. 

V.Rəhimzadə vurğulayıb  ki, Ermənistanın keçmiş prezidenti  S.Sarkisyan  bildirmişdir ki,  biz müharibənin bir hissəsini etdik. Təbii ki, burada  Azərbaycan ərazilərinin işğalını nəzərdə tuturdu.  Gələcək nəsillər isə  növbəti müharibələrə  hazır olmalıdırlar. «Bəllidir ki, daşnakların türklərə qarşı  yürütdükləri etnik təmizləmə siyasətinin əsasında ümumerməni maraqları dayanır. Aqressiv, milli emosiya ilə müşayiət olunan «vətən axtarışı» siyasəti həmişə onların ictimai şüurunda  formalaşıb. Ermənilər üçün vətən  stabil bir coğrafi məkan üzərində deyil, dağınıq halda təşəkkül tapıb.  Ona görə də  digər millətləri qəbul etmək, beynəlmiləlçilik ruhu ermənilərə yaddır. Daşnakların Türkiyəyə, Gürcüstana, Azərbaycana qarşı ərazi iddialarının əsasında da  işğalçılıq  amili dayanır» deyən V.Rəhimzadə bu faktlara bir daha diqqəti yönəldib  ki, azərbaycanlıların kütləvi  qırğını, soyqırımları ilə müşayiət olunan  deportasiyalar  XX əsrdə məruz qaldığımız, tariximizin ən qanlı və faciəli səhifələrindəndir: “Ötən yüz illikdə  «böyük Ermənistan»  xülyası ilə yaşayan və  soydaşlarımıza qarşı hər cür vəhşiliyə əl atan daşnakların insanlıqdan kənar əməlləri xalqımızın yaddaşında qanlı izlər buraxıb. 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə  rus imperiyasının havadarlığı ilə keçirilən qırğınların son nöqtəsi olan 1988-ci il hadisələri daha faciəli olmuşdur. 1988-ci ildən  Qərbi Azərbaycanda ilk mərhələ kimi kütləvi hədələr,  qətllər, kəndlərin dağıdılması, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı  kimi qanlı hadisələr yaddan çıxmayıb. Ermənilərin 1988-ci ildə  yenidən baş qaldıran  əsassız ərazi iddiaları nəticəsində  20 faiz torpağımız işğal altında qalıb,  bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvasından didərgin  düşüb.  Münaqişənin həlli prosesinin bu günədək uzanmasında  işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi, öz yalanlarını həqiqət kimi beynəlxalq ictimaiyyətə sırımaq cəhdləri,  eyni zamanda,  bəzi dövlətlərin, təşkilatların  işğalçıya maddi və mənəvi dəstəkləri əsas rol oynayır.”

V.Rəhimzadə Azərbaycanla yanaşı, qonşu dövlətlərə də ərazi iddialarını asıq-aşkar nümayiş etdirən həmin foto-xəritənin yayımlanmasının ermənilərin «yalanın həqiqət üzərində qələbəsi» kimi xülyalarının tərkib hissəsi olduğunu  önə çəkərək, daşnakların daim  öz işğalçılıq siyasətlərinə  bu kimi gedişlərlə bəraət qazandırmağa çalışdıqlarını bildirib. Baş redaktor bu xatırlatmanı da edib ki,  illərdir  qardaş Türkiyəyə qarşı əsassız «erməni soyqırımı» iddiasını irəli sürən Ermənistanın ərazisində «erməni soyqıqımı» abidəsinin ucaldılması da  bu kimi məqsədlərə xidmət edir. Ölkəyə səfər edən  bu və ya digər dövlətin  rəsmiləri «protokol qaydarına riayət» adı altında  həmin abidəni ziyarət etdirilir və bununla da düşmənlərimiz guya  «erməni soyqırımı»nın tanıdılması istiqaməində  öz çirkin niyyətlərini həyata keçirmiş olurlar.  Amma çox təəssüflər olsun ki, dünya hələ də tarixin saxtalaşdırılmasına göz yumur, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymayan işğalçı dövlətə bu günə qədər «gözün üstə qaşın var» demir. Bu isə öz növbəsində  belə əsassız iddiaların  ortaya atılmasına rəvac verir.

V.Rəhimzadə bu məqama da diqqəti yönəldib ki,  Ermənistanın işğalçılıq siyasətinin təsdiqi olan bu addımları, eyni zamanda, ona havadarlıq edən dövlətlərin  ikili siyasətdən qaynaqlanan dəstəkləri  hər zaman həmin dövlətlərin, təşkilatların rəsmiləri tərəfindən «bir anlaşılmazlıq» kəlməsi ilə  cavablandırılıb və heç nə olmamış kimi  proseslər davam edib: “Hər zaman vurğulandığı kimi, bir cinayətin cəzasız qalması növbəti cinayət üçün əsasdır. Ermənilər əsassız torpaq iddialarına görə   vaxtında beynəlxalq səviyyədə cəzalandırılsaydılar, bu gün nə Dağlıq Qarabağ problemi, nə də digər münaqişə ocaqları olardı. Yada salaq ki, bir dövlətin  mövqeyini əks etdirən nəşr kimi dəyərləndirilən ensiklopediyada  erməni tarixçisinin vasitəsilə Dağlıq Qarabağ erməni ərazisi kimi göstərilir, amma bununla bağlı  rəsmi Bakı sərt mövqe nümayiş etdirəndə  həmin dövlətin rəsmiləri bunu  «təsadüf» kimi təqdim edir. Amma tarixi vərəqləsək, belə «təsadüflərin» sayı-hesabı yoxdur. Dünyanın iri dövlətləri,  təşkilatları bir əsas məqamı unudurlar ki, belə «təsadüflərin» sayı çoxaldıqca, ədalət anlayışı maraqların arxasında əriməyə başlayır. Bu isə həmin dövlətlərə, təşkilatlara inamsızlığın artmasına rəvac verir.”  

V.Rəhimzadə qeyd edib ki, artıq dünyanın işğalçı dövlətə bu kimi çirkin niyyətlərinə və əməllərinə görə cəzanı tətbiq etməsi  zamanıdır.  Beynəlxalq hüququn norma və prinsiplərinin icrası üçün vahid mexanizm olmalıdır. Çox təəssüflər olsun ki, beynəlxalq təşkilatların qərar və qətnamələri bəzi dövlətlər üçün anındaca icra edilir, lakin Azərbaycan  25 ildən artıqdır ki, ikili siyasətdən yaranan problemləri yaşayır.  

«İki sahil» qəzetinin baş redaktoru onu da bildirib ki, dünya birliyi tərəfindən dəstəklənən Azərbaycandakı sabitlik və tolerantlığın digər ölkələrə nümunə göstərildiyi halda  hələ də terrora,  separatizmə haqq qazandıran Ermənistanın işğalçılıq siyasəti insanlığa qara ləkə, Prezident İlham Əliyevin vurğuladığı kimi,  beynəlxalq ictimaiyyətə, ölkələrin ərazi bütövlüyünə,  demokratiya və iqtisadi inkişafa təhlükədir. Ermənistanın Azərbaycana, həmçinin qonşu dövlətlərə qarşı ərazi iddiasını açıq-aşkar ortaya qoyması işğalçılığın, təcavüzkarlığın nümayişidir.