YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Valentina Matviyenko: Biz Azərbaycan Prezidentinin müdrikliyinə bir daha əmin olduq

Azərbaycan Prezidenti İlham Əliyev və Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə çox məzmunlu görüşümüz oldu. Biz Azərbaycan Prezidentinin müdrikliyinə, onun ölçülüb-biçilmiş siyasətinə və qarşılıqlı əlaqələri genişləndirmək əzminə bir daha əmin olduq.

Bu sözləri Azərbaycan Respublikasının Milli Məclisində keçirilmiş görüşdə ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası (RF) Federal Məclisinin Federasiya Şurasının (FŞ) sədri Valentina Matviyenko deyib.

Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin və parlamentlərarası əməkdaşlığın dinamik inkişaf etdiyi qeyd olunub. V.Matviyenko deyib: “IV Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunduğuma görə təşəkkür edirəm, FŞ-nin nüfuzlu nümayəndə heyəti gördüklərindən çox böyük təəssürat alıb. Bu, çox sanballı forumdur və mənə elə gəlir ki, bu forumun daim Bakıda keçirilməsinin əsas amillərindən biri müstəqil bir dövlət kimi Azərbaycana olan hörmət, onun xidmətlərinin dünyada tanınmasıdır”.

Azərbaycan-Rusiya münasibətləri məsələsinə toxunan Valentina Matviyenko qeyd edib ki, bütün sahələrdə Azərbaycan ilə münasibətlər Rusiya üçün strateji xarakter daşıyır. V.Matviyenko deyib: “Rusiya hər iki ölkənin parlamentləri arasında daimi dialoqun yüksək səviyyədə saxlanmasına böyük əhəmiyyət verir. Bundan başqa, Rusiya Federasiyası beynəlxalq məkanlarda da əməkdaşlığın genişləndirilməsinə maraq göstərir. Dövlətlərimiz arasında mütəmadi siyasi dialoqun yüksək səviyyəsi elə bir mərhələyə keçməyə imkan verib ki, artıq aramızda heç bir mübahisəli məsələ, narazılıq yoxdur. Tərəflər arasında meydana çıxan problemlər və çətinliklər xoş məramla həll edilir. Buna görə də biz Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinə təkcə ikitərəfli mövqedən nikbinliklə yanaşmırıq. Bu gün Azərbaycan dünya siyasətində də getdikcə daha böyük rol oynayır və biz ümumi regionumuzda sülh, əmin-amanlıq və sabitliyin hökm sürməsini hamıdan çox istəyirik. Rusiya ilə Azərbaycanı birləşdirən heç də təkcə strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq deyil. Bizi insani münasibətlər və əlaqələr birləşdirir, xalqlarımıza xas olan yaxşı nə varsa, onu qoruyub saxlamaq və inkişaf etdirmək səyləri birləşdirir”.
V.Matviyenko beynəlxalq səviyyədə əməkdaşlıqdan bəhs edərkən ilk növbədə MDB-nin Parlamentlərarası Assambleyasında çox fəal və konstruktiv iş apardığına görə Azərbaycan nümayəndə heyətinə minnətdarlığını bildirib. Sonda FŞ-nin sədri deyib: “Biz həmçinin AŞPA-da ümumi mənafeyimizi qoruyuruq. Bilirsiniz ki, Rusiyanın nümayəndə heyəti Azərbaycan əleyhinə ədalətsiz qətnamələr qəbul etmək cəhdlərini heç vaxt dəstəkləməyib”.

Milli Məclisin sədri Oqtay Əsədov V.Matviyenkonu yenidən Federasiya Şurasının sədri vəzifəsinə seçilməsi ilə əlaqədar təbrik edib və bildirib ki, Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin çoxillik tarixi kökləri var. O əminliklə qeyd edib ki, qarşılıqlı səfərlər və belə görüşlər ikitərəfli əməkdaşlıq üçün geniş imkanlar açır.

Qeyd olunub ki, siyasi, mədəni, humanitar sahələrdə olduğu kimi, iqtisadi sahədə də əlaqələrimiz genişlənir. Ölkələrimiz arasında ticarət dövriyyəsi ildən-ilə artır. Azərbaycanda tədrisin rus dilində aparıldığı təqribən 300 ümumtəhsil məktəbi, MDU-nun filialı və Bakı Slavyan Universiteti fəaliyyət göstərir.

Qeyd edək ki, FŞ-nin sədri Oqtay Əsədovu 2015-ci ildə Rusiyaya rəsmi səfərə dəvət edib.