YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: Azərbaycanda sabitliyi heç bir qüvvə poza bilməz

«Gəncədə baş verən son hadisələr təbii olaraq bütün vətəndaşlarımızda narahatlıq doğurur. Amma hər zaman olduğu kimi cəmiyyətimiz baş verən prosesləri düzgün təhlil edir, dünyada gedən mənfi proseslərin Azərbaycana sirayət etməsinin qarşısını alır». Bu fikirləri Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, Gəncə Azərbaycanın tarixində mühüm rol oynayan bir şəhərdir. Onun sözlərinə görə, şərəfli tarixi olan Gəncə adını daim qoruyan və xarici təcavüzkarlara qarşı mərdliklə döyüşən şəhər olub. Tarixə nəzər yetirsək görərik ki, Gəncə bütün varlığı ilə daim müstəqilliyi uğrunda mübarizə aparıb, qurbanlar, şəhidlər versə də, heç zaman qürurunu əyməyib.

«Vaxtilə Cavad xan düşmənə boyun əymədi. O, başqasının əsarəti altına girməmək üçün ölümü üstün tutdu. Gəncə Cavadxan kimilərin vətənidir. 1920-ci ildə Azərbaycan işğal olunduqda rus işğalına qarşı üsyan da məhz Gəncədə baş verib. O dövrdə 12 min insan canını qurban verdi. Bütün bunlar Azərbaycanın istiqlalı naminə baş verdi. Yəni, Gəncə tarixən böyük sınaqlardan keçib. Bir neçə gün öncə baş verənlər də bu sınaqlardan biri idi. Azərbaycanın uğurlarına kölgə salmaq istəyənlər tərəfindən iğtişaş yaratmaq cəhdinə qarşı həmvətənlərimiz öz mübarizə əzmini nümayiş etdirdilər. Hadisələr nəticəsində iki polis əməkdaşı şəhid oldu. Bu hadisələri törədənlər tezliklə cəzalarını alacaqlar. Azərbaycanda sabitliyi heç bir qüvvə poza bilməz. Çünki, dövlətimiz bu sabitliyi əldə etmək üçün çox böyük sınaqlardan keçib. Xalqımız müstəqil Azərbaycanda mövcud olan bu dəyərlərin qorunması naminə o qədər güclü birləşib ki, bu birliyi heç bir vəchlə ayırmaq mümkün deyil»-deyə, deputat vurğulayıb.