YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər edilib

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirilib. İclasda ilk olaraq “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi məsələsi müzakirəyə çıxarılıb. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu dəyişikliklər iqtisadi inkişafıımızın göstəricisidir.

Çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, dövlət və icmal büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi 2018-ci ilin büdcəsinə yenidən baxılmasını zəruri edib. Bundan başqa, dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 ABŞ dolları artırılaraq 55 ABŞ dollarına çatdırılması nəzərdə tutulur.

Həmçinin Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektoru üzrə gəlirin dürüstləşdirilməsinə də ehtiyac yaranıb. Həmin gəlirin azaldılması zərurəti yaranıb ki, bu da Vergilər Nazirliyi xətti ilə bir sıra vergilərin əvvəlcədən ödənilməsindən irəli gəlir. Həmin vergilərin əvəzləşdirilməsi hesabına Vergilər Nazirliyi xətti ilə toplanan daxilolmaların qanunda nəzərdə tutulan büdcədən daha az toplanması ehtimal olunur. Həmin azalma 1 milyard 27 milyon manat məbləğində qiymətləndirilir. Vergilər Nazirliyi xətti ilə 500 milyon manat əlavə daxilolma nəzərə alınarsa, vəsaitin 527 milyon manat azaldılması təklif olunur. 2018-ci ilin dövlət büdcəsində gəlirlər 22 milyard 110 milyon manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 milyard 983 milyon manat, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 593,3 milyon manat çoxdur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən bəzi neft yataqları (“Ümid”, “Qarabağ” və “Babək” yataqları) üzrə həyata keçirilən qazma işlərinin aparılması məqsədilə dövlət dəstəyi olaraq Şirkətin nizamnamə kapitalının artırılması, idxal olunan təbii qazın “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün 300 milyon manat vəsaitin subsidiya şəklində ayrılması nəzərə tutulub.

Nazir qeyd edib ki, yenidən baxılma ilə bu ilin dövlət büdcəsində xərclərin 2 milyard 14 milyon manat artırılaraq 23 milyard 61 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 3,6 faiz, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 466,5 milyon manat və ya 31,1 faiz çoxdur. Onun sözlərinə görə, yenidənbaxılma ilə icmal büdcənin gəlirləri 28 milyard 86,8 milyon manat olacaq ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 3 milyard 981,1 milyon manat və ya 16,5 faiz artacaq. İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəricilərə nisbətən 6,4 faiz və ya 1 milyard 600,2 milyon manat artırılaraq 26 milyard 537 milyon manat səviyyəsində proqnozlaşdırılır. Yenidənbaxılma ilə icmal büdcə kəsirlə deyil, 1 milyard 549,8 milyon manat profisitlə proqnozlaşdırılır.

Sonra çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanmışdır. Palata tərəfindən qanun layihəsinin Milli Məclisin müzakirəsinə verilməsi tövsiyə edilib.

Müzakirələrdən sonra dəyişikliklər qəbul olunub.