YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Araz Əzimov: Məqsədimiz Əfqanıstan və bu ölkədən kənarda sülh və təhlükəsizliklə bağlı hədəflərə nail olmaqdır

Bizim birgə məqsədimiz Əfqanıstan və bu ölkədən kənarda sülh və təhlükəsizliyə dair hədəflərə nail olmaqdır.

Bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun Bakıda keçirilən toplantısında deyib.

Araz Əzimov toplantının əhəmiyyətini qeyd edərək bildirib ki, bu, çox mühüm platformadır. Geniştərkibli beynəlxalq ölkələr qrupu Əfqanıstan-Taliban münaqişəsinin həllinə dair əməkdaşlıqda çox maraqlıdır. Biz bu işdə kömək göstərmək və əməkdaşlıq etməyə, birgə səyləri daha da inkişaf etdirməyə şadıq. Biz bunu dost və qardaş Əfqanistan üçün edirik. Bu ölkə ilə ümumi tarixi, mədəniyyəti bölüşürük. Ümid edirəm ki, xalqlarımız gələcəkdə daha sıx əlaqədə olacaq, bir-birinə kömək edəcək.

A.Əzimov bugünkü gündəliyin çox vacib olduğunu, ölkələrin müəyyənləşdirdiyi prioritet əsaslar üzərində qurulduğunu deyib. Əlavə edib ki, bu, həm də Əfqanıstan hökumətinin yaxşı nəticələr əldə etmək istədiyini göstərir. Bu məsələ ilə bağlı digər formatlar da mövcuddur, məsələn “Tokio formatı”. Hər bir formatın öz məqsəd və hədəfləri var. Bu baxımdan Beynəlxalq Təmas Qrupu uğurlu, vacib siyasi platformadır.

Nazir müavini bugünkü görüşün çox məhsuldar olacağına ümid etdiyini bildirib. Bu ilin oktyabrında qardaş Əfqanıstanda keçiriləcək parlament seçkilərinin ən mümkün yollarla yaxşı təşkil olunacağına, onun nəticələrinin gələcəkdə stabilliyin möhkəmlənməsinə və növbəti prezident seçkiləri üçün yaxşı zəmin yaradacağına inanırıq.

Qeyd edək ki, Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib və Azərbaycan Respublikası daxil olmaqla 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur. Beynəlxalq Təmas Qrupu Əfqanıstan və yerləşdiyi regionun inkişafına töhfə verilməsi üçün müzakirələrin aparılmasına xidmət edən platformadır. Əfqanıstanla birlikdə Almaniya Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.

Bakıda keçirilən toplantıya Beynəlxalq Təmas Qrupunda iştirak edən ölkələr və beynəlxalq təşkilatların təqribən 90-a yaxın nümayəndəsi qatılıb.

Azərbaycan Əfqanıstan ilə bağlı bir sıra beynəlxalq və regional formatlarda iştirak edir və bu ölkədə sülh, sabitlik və inkişafın təmin edilməsinə öz töhfəsini verir. 2017-ci il dekabrın 1-də Azərbaycanın Əfqanıstanla birlikdə həmsədrliyi çərçivəsində “Asiyanın ürəyi- İstanbul Prosesi”nin yeddinci nazirlər iclası da Bakıda keçirilib.