YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ rəsmisi: Cənub Qaz Dəhlizi strateji əhəmiyyətə və transformasiya effektinə malik layihədir

27-ci Ümumdünya Qaz Konfransı çərçivəsində BP-nin Vaşinqtondakı mənzil-qərargahında Cənub Qaz Dəhlizinə həsr olunan tədbir keçirilib.

Energetika Nazirliyindən bildirilib ki, tədbirdə ABŞ Administrasiyasının üzvləri, çox sayda konqresmen və senator, diplomatik korpusun nümayəndələri, aparıcı beyin mərkəzləri, biznes dairələrinin təmsilçiləri iştirak edib.

Tədbiri açan BP-nin baş direktoru Robert Dadli layihə üzrə görülmüş işlərdən və Cənub Qaz Dəhlizinin rolundan danışıb. O, deyib ki, Azərbaycan Prezidentinin güclü səyi və uzaqgörən siyasəti nəticəsində Cənub Qaz Dəhlizi layihəsini həyata keçirmək mümkün olub.

Sonra Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış edib. Nazir çıxışında Cənub Qaz Dəhlizinin icrasında bu il əhəmiyyətli hadisələrin baş verdiyini və layihənin artıq reallıq olduğunu deyib. Layihə üzrə qısa zamanda irəliləyişlərə nail olunmasında tərəfdaşlıq, əməkdaşlıq münasibətlərinin rolu qeyd olunub: “Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, biz bu layihəni bütün dostlarımızla, tərəfdaş ölkələrlə və beynəlxalq təşkilatlarla birlikdə icra edirik", - deyə nazir əlavə edib.

Nazir ABŞ Administrasiyasına Cənub Qaz Dəhlizi layihəsinə davamlı dəstəyinə görə Azərbaycan hökuməti adından təşəkkürünü çatdırıb. P.Şahbazov layihənin vaxtında reallaşmasında BP-nin rolunu da xüsusi qiymətləndirib.

ABŞ Dövlət Katibinin köməkçisi, Enerji Resursları Bürosunun rəhbəri Frank Fannon isə çıxışında Prezident Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış məktubundakı fikirləri xatırladaraq bildirib ki, Cənub Qaz Dəhlizi strateji əhəmiyyətə və transformasiya effektinə malik olan layihədir. ABŞ hökuməti Avropanın enerji təhlükəsizliyini təmin edən və Xəzər regionunun Avropa və dünya enerji bazarlarına daha yaxından inteqrasiyasına xidmət edən Cənub Qaz Dəhlizini tam dəstəkləyir. Onun sözlərinə görə, ABŞ ilk vaxtlardan Cənub Qaz Dəhlizinə dəstək verir.

F.Fannon deyib ki, ABŞ və Azərbaycanın birgə səyi nəticəsində bu layihə reallaşır və Azərbaycanın bu prosesdə rolu əvəzsizdir. ABŞ rəsmisi sonda Azərbaycanla yanaşı layihəyə cəlb olunmuş bütün ölkələrə təşəkkürünü bildirib.