YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə İran arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov iyunun 4-də İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş nazir son zamanlar Azərbaycan ilə İran arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdiyini söyləyib. Bunun ölkələrimizin əlaqələrinin yüksək səviyyədə olduğunu göstərdiyini vurğulayan Novruz Məmmədov qeyd edib ki, son zamanlar Azərbaycan ilə İran arasında mühüm iqtisadi layihələr icra olunur. Bütün dünyada qeyri-sabitliyin mövcud olduğu hazırkı dövrdə bu, təqdirəlayiqdir.

Baş nazir deyib ki, ölkələrimiz arasında tarixi əlaqələr var. Bizim adət-ənənələrimiz oxşardır. İran İslam Respublikası Prezidenti Aparatının rəhbərinin Azərbaycana səfərinin böyük əhəmiyyət daşıdığını bildirən Novruz Məmmədov qeyd edib ki, bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafına öz töhfəsini verəcək. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətinə toxunan Novruz Məmmədov bu ilin martında Neftçala Sənaye Məhəlləsində fəaliyyətə başlayan “Xəzər” avtomobil zavodunun Azərbaycan ilə İranın birgə uğurlu iqtisadi layihəsi olduğunu vurğulayıb.

Mahmud Vaezi Novruz Məmmədovu Baş nazir təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Qeyd edib ki, ölkələrimiz arasında kənd təsərrüfatı, nəqliyyat, energetika, sənaye, turizm, ticarət və digər sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var. “Azərbaycan xalqı yenidən İlham Əliyevə etimad göstərərək onu Prezident seçdi və biz buna görə çox şadıq. Həm İranda, həm də Azərbaycanda Nazirlər Kabineti yenidən formalaşıb. İnanırıq ki, bu, qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcək. Ölkələrimiz arasında əlaqələr nə qədər inkişaf etsə, bu, hər iki xalqın xeyrinədir”, - deyə İran Prezidenti Aparatının rəhbəri qeyd edib.