YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mark Midouz: Azərbaycanın tərəqqiyə, davamlı islahatlara və əhalisinin yaşayışını yaxşılaşdırmaq istiqamətində səy göstərən ölkələr üçün daim nümunə olacaq

2018-ci il iyunun 1-də ABŞ Konqresinin Nümayəndələr Palatasının nüfuzlu üzvlərindən olan Mark Midouz (Respublikaçı – Şimali Karolina) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar bəyanatla çıxış edib.

Konqresmenin bəyanatında əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırılır. Seçkilər vasitəsilə formalaşdırılmış dünyəvi hökumətə sahib ilk müsəlman çoxluğuna malik dövlət olan Azərbaycanın tərəqqiyə, davamlı islahatlara və əhalisinin yaşayışını yaxşılaşdırmaq istiqamətində səy göstərən ölkələr üçün daim nümunə olacağı vurğulanır. Mark Midouz, həmçinin Şimali Karolina əhalisi adından Azərbaycan icmasının həmin ştata töhfəsini yüksək qiymətləndirir.

Həmçinin qeyd olunur ki, mühüm tarixi hadisə olan 1918-ci il “İstiqlal bəyannaməsi”nin imzalanmasından sonra bolşevik işğalı qısa müddətdə mövcud olmuş Azərbaycanın müstəqilliyinə son qoyub. Buna baxmayaraq, Azərbaycanın müstəqillik arzusu heç zaman sönməyib. 1991-ci ildə azərbaycanlılar milli azadlıq hərəkatına başlayaraq öz dövlət müstəqilliklərini yenidən bəyan ediblər. Diqqətə çatdırılır ki, Azərbaycan hər dəfə müstəqilliyini elan edəndə ABŞ tez bir zamanda onu tanıyıb. Azərbaycan ilə davamlı və dəyərli münasibətlərin mövcudluğu ABŞ üçün qürur mənbəyi olmalıdır.

Bəyanatda, həmçinin Azərbaycanın terrorizmə qarşı qlobal mübarizədə mühüm və əvəzolunmaz müttəfiq, eləcə də ABŞ ilə nümunəvi tərəfdaş olduğu diqqətə çatdırılır. Konqresmen Midouz vurğulayır ki, Xəzər dənizi regionunda və ondan kənarda tərəqqinin əldə olunması, ticarət, habelə yaxşı demokratik idarəçilik sahəsində ABŞ-ın və Azərbaycanın öhdəliklərinin tamlıqla reallaşdırılması da daxil olmaqla, ikitərəfli əməkdaşlığın dərinləşməsinin səbirsizliklə gözləyir. Rusiya və İranla sərhədə malik ölkə kimi Azərbaycanın NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramında üzvlüyünün xüsusilə vacib olduğu qeyd edilir. Azərbaycanın ABŞ əməliyyatlarının təchizatı üçün ən mühüm nəqliyyat marşrutu kimi formalaşdığı diqqətə çatdırılır, habelə ölkəmizin ABŞ-ın Əfqanıstandakı missiyası üçün qüvvələr təmin etməsi və NATO təyyarələrinin öz hava məkanından istifadəsinə icazə verməsi təqdir olunur.

M.Midouz bildirir ki, Konqresin üzvü olmasından bəri onun və hər iki partiyanın nümayəndələrinin (Respublikaçılar və Demokratlar nəzərdə tutulur) İsrailə qətiyyətli dəstək məqsədilə birləşiblər.

Müasir və dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın bu dəyərləri bölüşdüyü, bölgədəki qonşularından fərqli olaraq İsrail ilə sıx və davamlı əlaqələrə malik olduğu xüsusi vurğulanır. Azərbaycanın tarixi yüz illərlə ölçülən yəhudi icmasına malik və İsrailin əsas neft təminatçısı olan ölkə kimi qeyd olunması ilə yanaşı, Azərbaycan-İsrail əlaqələrinin və beləliklə, Azərbaycan-ABŞ münasibətlərinin daha böyük əməkdaşlıq və qarşılıqlı tərəqqi istiqamətində irəliləyəcəyi bildirilir.

Bəyanatın sonunda qeyd edilir ki, xüsusilə ABŞ ilə yaxın əməkdaşlığın dəyərli və nadir olduğu bölgədə yerləşən müttəfiqlərinin vacib tarixi dövrlərinin Konqres tərəfindən tanınması çox əhəmiyyətlidir. Bu səbəbdən Azərbaycanın müstəqilliyinin 100 illiyinin tanındığı və bu münasibətlə təbriklərin çatdırıldığı bəyan edilir.

Qeyd edək ki, bu, cari ildə ABŞ Konqresində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı verilmiş sayca beşinci bəyanatdır.