YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR Yaponiyanın "JOGMEC" korporasiyası ilə Əməkdaşlıq Memorandumu imzalayıb

Mayın 30-da Bakıda keçirilən XXV Beynəlxalq Xəzər Neft və Qaz sərgi-konfransı çərçivəsində SOCAR və Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin Neft, Qaz və Metallurgiya Korporasiyası ("JOGMEC") arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Geoloji və geofiziki tədqiqatlar, texniki əməkdaşlıq və insan resurslarının inkişafı sahəsində əməkdaşlığa dair memorandumu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "JOGMEC" prezidenti Tetsuhiro Hosono imzalayıb.

Azərbaycanın neft-qaz layihələri Yaponiya şirkətlərinin daim diqqət mərkəzindədir. 20 ildən artıqdır ki, Azərbaycanın yeni neft strategiyası çərçivəsində SOCAR və Yaponiyanın "ITOCHU", eləcə də "INPEX" şirkətləri arasında qarşılıqlı maraqlara əsaslanan səmərəli əməkdaşlıq həyata keçirilir. Yaponiya Milli Neft Korporasiyasının ("JNOC") davamçısı olan Yaponiya Neft, Qaz və Metallurgiya Korporasiyasının rəhbər nümayəndələri bir necə dəfə Azərbaycana səfər edib, SOCAR və "ITOCHU" şirkətləri tərəfindən Pirallahı yatağında layların neftveriminin artırılması üzrə aparılan birgə tədqiqat işinin gedişi ilə tanış olub və gələcək əməkdaşlığa dair təkliflər də buradan yaranıb.

Yaponiya Neft, Qaz və Metallurgiya Korporasiyası 2004-cü ilin fevralında Yaponiya Milli Neft Korporasiyası və Yaponiya Metallurgiya-Mədən Agentliyinin ("MMAJ") birləşməsi nəticəsində yaranaraq, həmin qurumların müvafiq vəzifələrini öz üzərinə götürüb. Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin tərkibində olan "JOGMEC" Yaponiya Milli Neft Korporasiyasının davamçısı kimi, hökumət adından "ITOCHU", "INPEX" və sair şirkətlərin xaricdə neft-qaz sahəsində fəaliyyətlərinə texniki və maliyyə dəstəyi verir.