YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 17-də BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai ilə görüşüb.

Dövlət Komitəsindən  bildirilib ki, Azərbaycanın qazandığı uğurlardan, ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışan Rövşən Rzayev Azərbaycanın beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib. Bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edir.

Qeyd edilib ki, müstəqilliyinin ilk illərindən qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan yurd-yuvasından didərgin düşmüş insanların bir çox çətinliklərinin həllinə nail olub. Dünyada qaçqın və məcburi köçkün probleminin dövlət tərəfindən həll olunmasından söz düşəndə, ilk növbədə, Azərbaycan nümunə göstərilir. Bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri tərəfindən Azərbaycanın təcrübəsinin dünyanın bir çox ölkələri üçün nümunə olduğu dəfələrlə vurğulanıb. Bütün bunlara baxmayaraq, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində hələ də görüləsi işlər var.

Dövlət Komitəsinin sədri münaqişə nəticəsində doğma yerlərindən didərgin salınmış soydaşlarımızla bağlı BMT agentliklərinin həyata keçirdikləri humanitar və inkişaf layihələrini xatırladıb, dəstəyə görə təşəkkürünü bildirib.

BMT ilə Dövlət Komitəsi arasında əməkdaşlığı yüksək qiymətləndirən Qulam İshaqzai mövcud olan sıx və səmərəli münasibətlərin daim inkişaf edəcəyinə əminliyini ifadə edib. O, Azərbaycanda qaçqın və məcburi köçkün probleminin dövlət tərəfindən həll olunması məsələsinə toxunaraq dünyada belə bir nümunənin çox az olduğunu bildirib. Qulam İshaqzai BMT-nin Azərbaycan xalqının rifahı və təhlükəsiz gələcəyi naminə qarşılıqlı əməkdaşlığı davam etdirməyə hazır olduğunu söyləyib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraiti, eyni zamanda, gələcək əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.