YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parisdə “1918-2018: Paris-Bakı: müqayisəli konstitusiya təhlili və tarixi konvergensiyalar” adlı konfrans keçirilib

Fransanın Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun (İPSE) və Tədqiqat və Strateji Proqnoz Mərkəzinin (CEPS) birgə təşkilatçılığı ilə Parisin Sen-Jermen-de-Pre meydanında yerləşən Milli Sənayenin Təşviqi Cəmiyyəti Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “1918-2018: Paris-Bakı: müqayisəli konstitusiya təhlili və tarixi konvergensiyalar” adlı konfrans keçirilib.

Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun (İPSE) prezidenti Emmanüel Düpüi tədbirə moderatorluq edib və ölkəmiz, onun coğrafiyası haqqında ilkin məlumat verib.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov Azərbaycan Xalq Cümhuriyyətinin irsindən, dövlətçiliyimizin yaranması və inkişafından danışıb. 1918-ci ildə elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin hüquq və azadlıqların təminatı, qadınlara səsvermə hüququnun verilməsi, bütün etnik qrupların parlamentdə təmsil olunması, dövlət atributlarının qəbul edilməsi kimi bir sıra dəyərlərindən söz açıb.

Bildirib ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirir.

Sorbon Paris Cite - Paris Dekart Universitetinin, Siyasi Elmlər İnstitutunun hüquq üzrə professoru, Avropa Şurası yanında dövlət idarəçiliyi və müqayisəli hüquq məsələləri üzrə eksperti Tyeri Rambo iki ölkə konstitutsiyasından danışıb, onların müqayisəli təhlilini verib. Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi komitəsinin direktoru, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi ölkəmizin müstəqillik yolunda üzləşdiyi bəlalardan, xüsusilə də 1918-ci ilin mart ayında ermənilərin xalqımıza qarşı apardığı genosid aktından, həmin ildə Bakı, Şamaxı kimi şəhərlərdə azərbaycanlılara qarşı aparılan soyqırımından danışıb.

Paris Sosial Elmlər üzrə qabaqcıl tədqiqatlar Məktəbinin (EHESS (CERCEC)) doktoru Jorj Mamulya Azərbaycan diplomatik nümayəndə heyətinin Paris Sülh Konfransında (1919-1920) fəaliyyətinə toxunub. Yaxın Şərq Texniki Universitetinin müasir tarix üzrə doktorantı, Avrasiya Tədqiqatlar Mərkəzinin (AVİM) tədqiqatçısı Maksim Quen “Qaçılmaz qonşuluq: xarici münaqişə və Azərbaycan Demokratik Respublikasının iflası (1918-1920)” adlı məruzə ilə çıxış edib.

Paris azad hüquq, iqtisadiyyat və idarəçilik fakültəsinin müəllimi Pyer-Emanüel Düpon Azərbaycanın Cənubi Qafqazın lider dövləti olmasından, 1918-1920-ci illərdə mürəkkəb Avro-Qafqaz geosiyasətindən söz açıb.