YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyevin milli elitanın qurulmasında müstəsna xidmətləri olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan “dəyirmi masa” keçirilib.

AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən, həyata keçirdiyi islahatlardan və ölkəmizin müstəqilliyinin möhkəmlənməsi sahəsində gördüyü işlərdən danışıb. Akademik qeyd edib ki, həyatını xalqına, Azərbaycanın inkişafına həsr edən dahi şəxsiyyət ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə ölkəmizin tərəqqisinə böyük önəm verib. Məhz Ulu Öndərin rəhbərliyi ilə siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq ideologiyasının bərqərar olması nəticəsində bu gün Azərbaycan yüksək səviyyədə inkişaf edən bir ölkəyə çevrilib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.

Daha sonra Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli “Ümummilli lider Heydər Əliyevin milli elitamızın formalaşmasında rolu” mövzusunda məruzə ilə çıxış edib. Alim öz çıxışında xalqımızın elitasının formalaşmasının uzun tarixi dövrü əhatə etdiyini söyləyib, müasir inkişafın tələblərinə cavab verən, xalqımızın dünyada tanınmasına ürəkdən çalışan milli elitanın qurulmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb. M.Seyidbəyli Heydər Əliyev irsinin öyrənilməsi, təbliği və gənc nəslə ötürülməsi məqsədilə rəhbərlik etdiyi institutda mütəmadi olaraq “dəyirmi masa” və seminarların təşkil olunduğunu qeyd edib.

Tədbirdə, həmçinin institutun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev, ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavidan Qasımlı, aparıcı elmi işçi, iqtisad üzrə fəlsəfə doktoru Amal Həsənli ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu var. Bu gün isə Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu daxili və xarici siyasət ölkəmizi daha böyük zirvələrə aparacaq.