YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Real faktlara söykənməyən “hesabat” qəbuledilməzdir

«Avropa Şurası Parlament Assambleyasının (AŞPA) uydurma “korrupsiya hesabatı” heç bir real fakta söykənməyən, ermənipərəst mərkəzlərlə şübhəli sövdələşməsi olan bəzi avropalı “siyasətçilər”in Azərbaycanın ünvanına səsləndirdikləri şər-böhtana, subyektiv mülahizələrə əsaslanır. Bu “hesabat”ın nə qədər qərəzli və qeyri-obyektiv olduğu, həqiqətdən uzaq olması orada əksini tapan absurd iddialardan da aydın şəkildə görünür. Bu hesabatda məntiq və ciddi yanaşma yoxdur. “Hesabat”ı oxuyanda Azərbaycana qara yaxmaq, onu bu təşkilatın gerçək gündəmindən kənarda qoymaq məqsədi aydın görünür». Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, real faktlara söykənməyən bu “hesabat” qəbuledilməzdir. Bəzi anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı apardıqları qara piar kampaniyasının son dövrlər daha da fəallaşdığını müşahidə edirik. AŞPA-nın son “hesabat”ı bu kampaniyanın tərkib hissəsidir, Qərbdə mövcud olan islamofob və ermənipərəst qrupların təşkil etdiyi oyundur.

«Azərbaycan heç vaxt öz milli maraqlarını, müstəqil siyasətini kiməsə güzəştə getməyib və getməyəcək. Ölkəmizə qarşı təzyiqlər göstərmək cəhdləri hər zaman iflasa uğrayıb. AŞPA-da müxtəlif vaxtlarda ölkəmizə qarşı xoş niyyətə söykənməyən belə kampaniyalar müşahidə edilib və Azərbaycan dövləti belə addımlara qarşı müvafiq tədbirlər görüb. Bu “hesabat” AŞPA-da Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Bütün bu cəhdlər nəyə yönəlib? Azərbaycanı öz demokratiya yolundan döndərməyə? Azərbaycanı radikallaşdırmağa? Dəyərlərimizi dəyişdirməyə? Bu, heç zaman baş verməyəcək. Bütün bu cəhdlər əbəsdir. Azərbaycan heç zaman öz demokratiya yolundan dönməyəcək. Bütün bu hiyləgər oyunlara, təzyiqlərə və ədalətsizliklərə baxmayaraq, biz demokratiya dəyərlərinə sadiqliyimizi qoruyub saxlayacağıq. Ermənistanda baş verən hadisələrdən diqqəti tam yayındırmaq üçün AŞPA-nın yaz sessiyası sanki Azərbaycana həsr edilmişdi. Azərbaycana qarşı yönəlmiş bu oyun neçə illərdir ki, AŞPA-da ölkəmizə qarşı olan ikili standartların davamıdır»-deyə, S.Fətəliyeva vurğulayıb.