YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA fəaliyyətində vaxtilə əsaslandığı qaydalara və prinsiplərə əməl etmir

AŞPA sessiyasından sessiyasına istər-istəməz sual yaranır: Biz hara gedirik? AŞPA bu cür davranışlarla, manipulyasiyalarla, bəzi məsələlərin şişirdilməsi, digərlərinə isə göz yumulması ilə hara gedir? AŞPA fəaliyyətində vaxtilə əsaslandığı qaydalar və prinsiplərə əməl etmir.

Korrupsiya məsələsinə dair son hadisələr azadlıq, demokratiya və ədalətin artıq bu təşkilatı idarə etmədiyinin bariz nümunəsidir.

Bu fikri Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva söyləyib.

“AŞPA-dakı işimiz və fəaliyyətimiz şayiələrə deyil, hər zaman real faktlara əsaslanıb, hər hansı sənədin və ya hesabatın əvvəlində bəyan etdiyimizi onun sonunda heç zaman inkar etməmişik. Sözügedən hesabatda məntiq və ciddi yanaşmanın olmaması belə bir təsəvvür yaradır ki, mənim ölkəmə qara yaxmaq, onu bu təşkilatın gerçək gündəmindən kənarda qoymaq məqsədi güdülür. Bilmək istəyirəm, bu cəhdlər nəyə yönəlib. Azərbaycanı öz demokratiya yolundan döndərməyə? Azərbaycanı radikallaşdırmağa? Dəyərlərimizi dəyişdirməyə? Bu, heç zaman baş verməyəcək. Bütün cəhdləriniz əbəsdir. Azərbaycan heç zaman öz demokratiya yolundan dönməyəcək. Bütün bu hiyləgər oyunlara, təzyiqlərə və ədalətsizliyə baxmayaraq, biz demokratiya dəyərlərinə və bu təşkilata sadiqliyimizi qoruyub saxlayacağıq”,- deyə S.Fətəliyeva vurğulayıb.

O, müzakirə olunan hesabat ideyasına və təşəbbüsə açıq olduğumuzu bildirərək deyib ki, bu hesabatın hazırlanma tərzi qəbuledilməzdir. Burada çatışmayan real faktlardır. Əgər bir nəfər başqasını ittiham edirsə, mütləq faktlar və dəlillər göstərməlidir.

Deputat deyib: “Bu gün mən təkcə öz adımdan deyil, əziz həmkarlarımın, Azərbaycan xalqının adından danışıram. Bütün bu illər boyunca bizim səsimizi eşitməmisiniz. Biz torpaqlarımızın digər AŞPA üzvü olan Ermənistan tərəfindən işğal edildiyini deyirik, bizi eşitmirsiniz. Bu səs ədalətin və haqqın səsidir. Əgər həqiqət əvəzinə siz yalnız istədiyinizi eşitmək istəyirsinizsə, o zaman bu təşkilatda ədalət və şəffaflıq böyük sual altındadır və AŞPA-nın imicinə və etibarlılığına ciddi zərbə vurur”.