YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliya səfiri Azərbaycandakı multikultural mühit haqqında məlumatlandırılıb

Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev İtaliyanın ölkəmizdəki səfiri Ciampaolo Kutillo ilə görüşüb.

Görüşdə Dövlət müşaviri Azərbaycanda mövcud olan multikultural mühitdən, digər dinlərin və mədəniyyətlərin nümayəndələrinə qarşı tolerant münasibətdən, ölkəmizdə mədəniyyətlərarası dialoqun daha da inkişaf etdirilməsi məqsədi ilə görülən işlərdən ətraflı söz açıb.

K.Abdullayev Prezident İlham Əliyevin bu sahəyə xüsusi həssaslıqla yanaşdığını, bunun nəticəsi olaraq ölkəmizdə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin yaradıldığını qeyd edib. Bundan əlavə, Prezident İlham Əliyev tərəfindən ölkə əhalisinin maarifləndirilməsi, dünya elmi nailiyyətlərinin Azərbaycana gətirilməsi, eyni zamanda, elmi-mədəni mübadilənin təmin olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi və ölkədə tolerantlığın, etnik-mədəni, dini, linqvistik müxtəlifliyin qorunması, həmçinin mövcud multikultural modellərin tədqiqi və təşviqi üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması səfirin diqqətinə çatdırılıb.

Ciampaolo Kutillo Azərbaycanda səfir kimi qısa müddətdir ki, fəaliyyətə başlamasına baxmayaraq ölkəmizdəki sabitliyin, dini dözümlülüyün, burada yaşayan millətlər arasında qarşılıqlı münasibətlərin yüksək səviyyəsinin əyani şahidi olduğunu deyib. O, ölkəmizdə dini konfessiyaların nümayəndələri ilə apardığı söhbətlərində də dini icmaların mövcud şəraitdən razı qalmasını əlamətdar hal kimi dəyərləndirib. Səfir yeni yaradılmış qurumlarla elmi, mədəni və digər sahələrdə hər zaman əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb.

Ciampaolo Kutillo akademik Kamal Abdullayevi müəllifi olduğu “Yarımçıq əlyazma” romanının İtaliyada nəşr edilməsi münasibətilə təbrik edib və yaxın günlərdə onun icazəsi ilə kitabın İtaliyanın ölkəmizdəki səfirliyində təqdimat və müzakirəsini təşkil etmək niyyətində olduğunu diqqətə çatdırıb.

Görüşdə hər iki tərəf üçün maraq doğuran bir sıra layihələr ətrafında da fikir mübadiləsi aparılıb.