YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asəf Hacıyev: Avropa Parlamentinin ölkəmizə qarşı şərtlər irəli sürməsi qəbuledilməzdir

«Dünyada baş verən qloballaşma siyasi proseslərdə də özünü göstərir. Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi son qətnamə bunu təsdiq edir. Təşkilatın bu qətnaməsi ağlasığmazdır. Onun ölkəmizə qarşı şərtlər irəli sürməsi qəbuledilməzdir». Bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev deyib.

A.Hacıyev bildirib ki, Azərbaycan hüquqi dövlətdir və həyata keçirdiyi siyasəti də özü müəyyənləşdirir. Onun sözlərinə görə, Avropa Parlamenti ölkəmizin daxili işlərinə qarışa bilməz. YAP-ın şöbə müdiri qeyd edib ki,  Avropa Parlamentinin qəbul etdiyi qətnamədə erməni lobbisinin, Azərbaycanın inkişafını istəməyən qüvvələrin təsiri var.

«Təşkilatın Azərbaycana qarşı bundan əvvəlki qətnaməsinin müzakirəsində 47, bu dəfə isə ondan da az deputat iştirak edib. Halbuki, Avropa Parlamentinin 750 nəfərdən çox üzvü var. Bu necə olur ki, 30-40 deputat bütövlükdə təşkilatın adından qərarlar qəbul edir? Onlar heç təşkilat üzvlərinin 4 faizini təşkil etmir. Hesab edirəm ki, Avropa Parlamenti öz strukturunda islahatlar aparmalıdır. Qətnaməyə gəlincə, Azərbaycan heç bir təşkilatdan asılı deyil. Azərbaycanın öz inkişaf yolu var, Azərbaycan Prezidenti müstəqil siyasət həyata keçirir. Ötən 20 il göstərdi ki, Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan müstəqil dövlətdir. Ölkəmiz bütün istiqamətlər üzrə, o cümlədən demokratiya sahəsində inkişaf edir. Amma kimlərsə, xüsusilə bəzi xarici qüvvələr  demokratiyanı anarxiya hesab edir. Onlar  Azərbaycana dağıdıcılıq gətirib sonra öz «köməklərini» təklif etmək istəyirlər. Amma ölkəmiz belə addımların qarşısını alır və gələcəkdə də alacaq. Azərbaycan dövləti heç zaman imkan verməyəcək ki, ölkədə anarxiya yaradılsın»- deyə, A.Hacıyev vurğulayıb.