YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Ölkəmizdə səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş dövlət proqramlarının icrası uğurla davam etdirilir

«Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq davamlı şəkildə həyata keçirilən geniş məzmunlu sosial siyasətin fonunda səhiyyə sahəsində reallaşdırılan islahatlar xüsusilə diqqəti cəlb edir. Belə ki, əhalinin gündəlik həyatı, bilavasitə sağlamlığı ilə bağlı olan səhiyyə sahəsində yeniliklər istər bu sahədə qanunvericilik bazasının daha da möhkəmləndirilməsində, istərsə də müasir infrastrukturun qurulmasında və kadr hazırlığına diqqətin daha da artırılmasında öz əksini tapıb». Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin səd müavini Musa Quliyev deyib.

 M.Quliyev bildirib ki, ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən məqsədyönlü islahatlar, o cümlədən tibb müəssisələri şəbəkəsinin və strukturun təkmilləşdirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi nəticəsində əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin səviyyəsinin yüksəlməsində əsaslı keyfiyyət dəyişikliyi baş verib. Öz növbəsində səhiyyənin prioritet sahələri üzrə qəbul edilən Dövlət proqramları çərçivəsində reallaşdırılan tədbirlər bu sahədə vəziyyəti əsaslı şəkildə yaxşılaşdırıb.

«Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər bir vətəndaş öz həyatında hiss edir. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır. Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatının və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir. Hazırda da səhiyyə sistemində islahatlar davam edir. Səhiyyə sisteminin islahatları nəticəsində əsasən stasionar yardıma istiqamətləndirilmiş təbabətdən ilkin tibbi-sanitariya yardımının üstünlük təşkil etdiyi təbabətə keçilməsi reallaşdırılır, ailə həkimi praktikasının genişləndirilməsinə müvafiq şərait yaradılır. Hazırda səhiyyədə icbari tibbi sığorta sisteminin tətbiq olunması istiqamətində də işlər gedir. Beləliklə, bu gün ölkədə səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş Dövlət proqramlarının icrası uğurla davam etdirilir»-deyə, M.Quliyev vurğulayıb.