YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2002-2012-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov Prezident İlham Əliyevi təbrik etdi

2002-2012-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik etdi.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu seçkilərdə Sizin inamlı qələbəniz Azərbaycan xalqının yüksək etimadına sahib olduğunuza əyani sübutdur. Bu, sadə insanların həyat şəraitini yaxşılaşdırmaq, Azərbaycanın regionda və bütün dünyada nüfuzunu artırmaq istiqamətində son illər gördüyünüz işlərə verilən yüksək qiymətdir. Əminəm ki, yeni səlahiyyət müddətiniz ərzində Siz ölkənizin inkişafı və rifahı üçün fəal və yorulmadan çalışmaqda davam edəcəksiniz. Mən, həmçinin inanıram ki, Sizin zəngin siyasi təcrübəniz ölkənizin beynəlxalq aləmdə və Qara dəniz regionunda aparıcı rolunun bundan sonra da genişlənməsinə töhfə verəcəkdir.

Bolqarıstan ilə Azərbaycan arasında əlaqələr xalqlarımızın mənafeyi naminə davamlı inkişaf edir. Fəxr edirəm ki, Sizinlə birlikdə biz ölkələrimizin təkcə iqtisadi sahədə deyil, həm də mədəni və mənəvi sahələrdə sıx əməkdaşlığının etibarlı əsaslarının qoyulmasına nail olmuşuq. Bu baxımdan, xalqlarımız arasındakı dostluq əlaqələrinin gücləndirilməsinə Sizin şəxsi töhfənizi və sadiqliyinizi çox yüksək qiymətləndirirəm. Öz tərəfimdən bildirirəm ki, ikitərəfli münasibətlərimizin inkişafına bundan sonra da hər cür dəstək göstərməyə hazıram.

Əziz dostum, Sizinlə keçirdiyim bütün görüşləri məmnuniyyətlə xatırlayıram. Həmin görüşlərdə Sizin yüksək intellektinizə, sağlam mühakimənizə və diplomatik məharətinizə valeh olmuşam. Ən əsası isə odur ki, Siz həmişə mürəkkəb siyasi məsələlərin həllində ümumi razılığa gəlməyə səy göstərmisiniz. Əminəm ki, konsensus axtarışı, başqalarının maraqlarına hörmət və milli maraqları qorumaq yeni prezidentlik dövründə də Sizin fəaliyyətinizin əsas prinsiplərindən olacaq.

Sizinlə yeni görüşlərimizi səbirsizliklə gözləyir və bu xoş fürsətdən istifadə edərək, çox məsuliyyətli işinizdə Sizə cansağlığı və uğurlar arzulayıram.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz”.