YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: "Facebook" da, "twitter" də transmilli şirkətdir və onların milli informasiya məkanında fəaliyyəti hüquqla tənzimlənməlidir

"İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: mənfi meyillərə qarşı jurnalist həmrəyliyi" mövzusunda olduqca vacib və aktual tədbirdə Azərbaycan mətbuatını milli intellektual institutlarımızın avanqardlarından biri kimi səciyyələndirdiyinə görə, eyni zamanda, mətbu resurslarımızın milli maraqlar ətrafında səfərbər edilməsində bizlərə daima dəstək verdiyinə görə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova təşəkkür edirəm". Bu sözləri "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, siyasi mədəniyyət və siyasi əxlaq milli mədəniyyətin ən başlıca komponentlərindən biridir: "Siyasi mübarizənin məhz siyasi əxlaq və mədəniyyət çərçivəsində aparılması milli məqsədlər və intellektual cəmiyyətin qurulması baxımından olduqca vacibdir. Azərbaycanda bu ənənə mövcud olub və bu, siyasi proseslərin, bütövlükdə cəmiyyətin intellektual inkişafı və qarşılıqlı münasibətlər baxımından çox əhəmiyyətlidir. Eyni zamanda, bu, sadəcə siyasi proseslər üçün deyil, mənəvi, əxlaqi münasibətlər üçün də vacib komponent hesab olunur. Çox təəssüf ki, son dövrlərdə bir sıra marginal qruplar xarici mərkəzlərdən müxtəlif internet resursları vasitəsilə Azərbaycandakı siyasi proseslərə müdaxilə edərək onu şər-böhtan və söyüş kampaniyası səviyyəsinə endirməyə çalışırlar. Bu, məqsədyönlü şəkildə edilir və xüsusi layihə kimi həyata keçirilir. Bu layihəni həyata keçirən qlobal imperializmdir və onun struktur elementləri olan ermənipərəst, islamofob mərkəzlərdir".

Millət vəkili deyib ki, qlobal imperializmlə milli dövlətlərin qarşılıqlı münasibətləri elədir ki, milli dövlətlərdə siyasi proseslər imperialist mərkəzlərin arzu etdiyi ssenariyə uyğun olaraq baş vermədikdə dərhal onlar müdaxilə edir, öz məqsədlərini həyata keçirməyə çalışırlar: "Əlbəttə, heç vaxt imperialist mərkəzlərlə milli dövlətlərin maraqları üst-üstə düşə bilməz. Ona görə də güclü milli dövlət kimi Azərbaycan da öz milli maraqlarını həyata keçirərkən onun maraqları anti-Azərbaycan dairələrin və islamofob mərkəzlərin maraqları ilə toqquşur. Hazırkı mürəkkəb tarixi mərhələdə Azərbaycan dövləti və Azərbaycanın bütün informasiya resursları milli maraqlar ətrafında sıx birləşərək ölkəmizin güclü gələcəyinin inşa edilməsi, ərazi bütövlüyünün təmin olunması istiqamətində fəaliyyət göstərir. Bu da imperialist mərkəzlərin xoşuna gəlmir. Bu cür söyüş, nifrət kampaniyası aparmaqla cəmiyyətdə qarşıdurma yaratmağa, mümkün Yaxın Şərq ssenarilərini Azərbaycanda tətbiq etməyə, hörmətli Əli Həsənovun qeyd etdiyi kimi, "virtual İŞİD" vasitəsilə cəmiyyətin siyasi, əxlaqi və mənəvi-mədəni əsaslarını dağıtmağa çalışırlar. Beləliklə, imperializmin dövlətsizləşdirmək və lidersizləşdirmək siyasətini həyata keçirməklə milli dövlətimizi zəiflətmək və onun əsaslarını dağıtmaq istəyirlər. Nəticədə elə bir Azərbaycan görmək istəyirlər ki, o, nə ərazi bütövlüyü, nə də Dağlıq Qarabağ haqqında düşünə bilsin. Beləliklə də, Azərbaycanın həm ərazisi, həm intellektual resursları, həm də yeraltı resursları imperializmin gəlir mənbəyinə çevrilsin və istismarına məruz qalsın. Ona görə də hazırda aparılan kampaniya məhz xüsusi idarəolunan və Azərbaycanın maraqlarına təzyiq kampaniyası kimi qiymətləndirilməlidir. Biz bilirik ki, bu kampaniya imperializmin son silahı olan "yumşaq güc" vasitəsilə, yəni internet resursları – "facebook", "twitter" və s. vasitəsilə həyata keçirilir. Ancaq "facebook" da, "twitter" də hər biri ayrılıqda transmilli şirkətdir. Milli maraqlarımızı və informasiya təhlükəsizliyimizi təhdid edən bu vasitələrə qarşı mübarizənin hüquqi formalarını axtarmalıyıq. Bir sıra Şimali Avropa ölkələrində, o cümlədən qardaş Türkiyədə olduğu kimi bu şirkətlərin milli informasiya məkanımızda fəaliyyətinin tənzimlənməsi üçün qanunvericilik bazasının yaradılması vacibdir. Burada həm bu şirkətlərin vergiyə cəlb olunması məsələsi, həm də milli əxlaq və mənəviyyata zərər vuran informasiyaların yayılmasına qadağaların tətbiq olunması qaydaları öz əksini tapmalıdır. Belə olarsa, biz həm öz informasiya təhlükəsizliyimizi qorumuş olarıq, həm də milli dəyərlərimizə və əxlaqımıza söykənən müasir, sivil və demokratik cəmiyyət qura bilərik".