YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Erməni şovinistlərinin və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi var

«Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il yanvarın 18-də imzaladığı Sərəncama uyğun olaraq azərbaycanlıların soyqırımının 100 illiyi dövlət səviyyəsində tədbirlər ilə qeyd edilir. Milli Məclisin bugünkü iclası da tariximizin bu faciəli səhifələrinə həsr olunub. Dövlət başçısı cənab İlham Əliyev Cənubi Qafqazın keçmişi və bu günü ilə bağlı bir sıra konsepsiyalar irəli sürərək, erməni millətçilərinin destruktiv fəaliyyətini daim ifşa edir. Onun 18 yanvar tarixli Sərəncamında 1918-ci ilin mart–aprel aylarında daşnak-bolşevik dəstələri tərəfindən xalqımıza qarşı xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar haqqında həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər müəyyən edilib». Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.

O.Əsədov bildirib ki, erməni şovinistlərinin və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi vardır. Onun sözlərinə görə, bu siyasətin birinci mərhələsi 1828-ci ildə Şimali Azərbaycanın çar Rusiyası tərəfindən tam işğal edilməsi ilə başlanmışdır. Cənubi Qafqazda aparılan müstəmləkəçilik siyasətinin tərkib hissələrindən biri bölgənin demoqrafik vəziyyətinin dəyişdirilməsindən ibarət olmuşdur. Çar Rusiyası işğal olunmuş ərazilərdə öz dayaqlarını möhkəmləndirməyə çalışırdı və bu məqsədlə İrandan və Osmanlı imperiyasından xristian erməniləri planlı şəkildə Cənubi Qafqaza köçürürdü. XX əsrin əvvəllərinədək Azərbaycan ərazisinə 1 milyondan çox erməni köçürülmüşdür.

«Ümumiyyətlə, tarixin müəyyən dövrlərində böyük dövlətləröz geosiyasi planlarını həyata keçirmək üçün erməni faktorundan, erməni amilindənçox məharətləistifadə etmişlər. Bu dövlətlərin gizli və açıqhimayəsindən istifadə edən erməni millətçilərinin “böyük Ermənistan” xülyası Cənubi Qafqazın yerli əhalisinə böyük fəlakətlər gətirmişdir. Erməni şovinistləri ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırım və terror aktları törətmişlər. 2 milyona qədər günahsız insan onların vəhşilik əməllərinin qurbanı olmuşdur.

1905–1907-ci illərdə, habelə 1918–1920-ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Azərbaycanın digər yerlərində dinc azərbaycanlı əhali soyqırıma məruz qalmışdır. 1918-ci ilin mart soyqırımı bu cinayət əməlləri silsiləsinin ən yüksək zirvəsi olmuşdur. Mart ayının 3 günü ərzində Azərbaycanın paytaxtı Bakı şəhərində 12 mindən çox dinc əhali qətlə yetirilmişdir.

Xalqımıza qarşı düşmənçilik siyasəti sovet hakimiyyəti illərində də davam etdirilmişdir. 1920-ci ildən sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən Zəngəzur mahalı, Göyçə mahalı, Qazax qəzasının  dağlıq hissəsi və Naxçıvanın bəzi kəndləri  Ermənistana verilmişdir. Etnik təmizləmə siyasəti nəticəsində bu gün Ermənistanda, yəni keçmiş Qərbi Azərbaycanda bir nəfər də azərbaycanlı qalmamışdır»-deyə, sptekr vurğulayıb.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan xalqının fiziki məhvinə, onun tarixi ərazilərinin zəbt olunmasına, bu ərazilər hesabına Ermənistan dövlətinin yaradılmasına yönələn siyasət Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanında ilk dəfə dövlət səviyyəsində əks olunmuşdur. Fərmanla 31 mart "Azərbaycanlıların soyqırımı günü" elan edilmiş, azərbaycanlılara qarşı törədilmiş qanlı cinayətlərin siyasi-hüquqi qiyməti verilmişdir.

«Ulu öndərin bu fərmanı və sonra qəbul edilmiş sənədlər tarixi həqiqətlərin üzə çıxmasına və unudulmamasına xidmət edir. Hər dəfə biz keçmişə nəzər salanda başımıza gələn fəlakətlərin səbəblərini araşdırırıq. Bu gün hər kəs bu həqiqəti anlayır ki, tarix boyu soyqırım aktlarına məruz qalmağımızın əsas səbəblərindən biri düşmən qarşısına mütəşəkkil qüvvə kimi çıxa bilməməyimiz olmuşdur. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti milli həmrəyliyin möhkəmləndirilməsi məqsədilə böyük işlər aparır. Azərbaycan dövləti gündən-günə daha da inkişaf edir və güclənir. Bütün bunlar xalqımıza qarşı yeni soyqırım cinayətlərinin baş verməməsinə ən yaxşı təminatdır. Əminəm ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad edəcək, xalqımıza qarşı düşmənçilik edənlər layiqli cəzalarına çatacaqlar. Yeri gəlmişkən, mən bir məqam üzərində dayanmaq istəyirəm. Möhtərəm Prezidentimiz dəfələrlə deyib ki, İrəvan, Zəngəzur, digər ərazilər Azərbaycanın əzəli torpaqlarıdır. İndiki Ermənistan Respublikası Qərbi Azərbaycan torpaqları üzərində yaradılıb. Bunu sübut etməyə heç bir ehtiyac yoxdur. Bu, tarixi faktdır. Tarix isə, böyük filosoflardan birinin dediyi kimi, keçmişin şahidi və həqiqətin nurudur. Mən əminəm ki, tarix hər kəsə layiq olduğu qiyməti verəcəkdir. Gec-tez haqq-ədalət öz yerini tutacaqdır»- deyə, O.Əsədov bildirib.

 

 

 

DİGƏR Xəbərlər Arxiv