YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə naziri Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimlərində iştirak edən şəxsi heyətlə görüşüb

Sentyabrın 19-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti irimiqyaslı birgə təlimlərdə iştirak edən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) aviasiya vasitələrinin yerləşdiyi aerodromda olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, nazir Zakir Həsənov təlimlərdə iştirak edən uçuş və texniki heyətlə görüşüb, döyüş aviasiyasına baxış keçirib və müxtəlif təyinatlı atəş sistemlərinin hazırlıq səviyyəsi ilə maraqlanıb.

Azərbaycan HHQ-nin nümayəndəsi polkovnik Elçin Axundov və Türkiyə HHQ-nin nümayəndəsi polkovnik Nihat Çırakoğlu təlimlərdə iştirak edən heyətin hazırlığı, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə məlumat veriblər.

Təlimlərin əhəmiyyətini vurğulayan müdafiə naziri bunun tarixi hadisə olduğunu qeyd edib və ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladaraq Azərbaycan-Türkiyə dostluğunun əbədi olduğunu vurğulayıb.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə təlimlərin keçirilməsinə dəstək olduqlarını qeyd edərək dövlət başçılarına minnətdarlığını bildirib.

“Hər iki ölkənin Silahlı Qüvvələrinin məqsədi bölgədə sülhə və əmin-amanlığa nail olmaq, bir-birinə dəstək verməkdir. Bizim sevincimiz və gücümüz birliyimizə bağlıdır”, - deyə müdafiə naziri birgə təlimlərin hazırlanmasında və keçirilməsində əməyi olan hər kəsə təşəkkür edib.

Sonra təlim iştirakçılarına və Müdafiə Nazirliyinin rəhbərliyinə xatirə hədiyyələri təqdim olunub.