YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avstraliya Azərbaycanlıları Assosiasiyası Xocalı soyqırımının tanınması üçün bu ölkənin Baş nazirinə müraciət edib

Avstraliya Azərbaycanlıları Assosiasiyası Xocalı soyqırımının tanınması üçün bu ölkənin Baş naziri Malkolm Ternbula müraciət ünvanlayıb.

Bu barədə Assosiasiyanın prezidenti Mikayıl Oyta məlumat verib.

Müraciətdə cari il fevralın 26-da erməni silahlıları tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc sakinlərə qarşı törədilən soyqırımının 26-cı ilinin tamam olduğu bildirilir. Qeyd edilir ki, hər il həmin gün Avstraliyada yaşayan azərbaycanlılar bir araya gələrək faciə qurbanlarının xatirəsini anırlar.

Məktubda Baş nazirə 26 il bundan əvvəl erməni yaraqlılarının keçmiş SSRİ-nin 366-cı alayının köməyi ilə Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinə hücumu barədə ətraflı məlumat verilir. Bildirilir ki, bu, son detallarına qədər dərindən düşünülmüş əsl soyqırımı aktı idi. Erməni yaraqlılarının məqsədi daha çox dinc sakini qətlə yetirmək olub. Bunu beynəlxalq təşkilatların faciə barədə yaydığı məlumatlar da təsdiq edir. Qətlə yetirilənlər arasında 106 qadın, 63 uşaq da var idi ki, onların əksəriyyəti arxadan açılan atəşlə öldürülüb. Erməni yaraqlıları tutduqları əsirlərlə vəhşicəsinə davranaraq onları qətlə yetirməklə kifayətlənməyib, onların gözlərini çıxararaq, hamilə qadınların qarnını deşərək cəsədləri tanınmaz hala salıblar. Hücum zamanı 600-dən çox dinc sakin qətlə yetirilib, 1275 nəfər əsir götürülüb ki, onların 150 nəfərindən hələ də heç bir xəbər yoxdur.

Məktubda Ermənistan prezidenti Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaala müsahibəsi zamanı dediyi sözlər də yer alıb. Bu isə indiki Ermənistan hakimiyyətinin həmin qanlı cinayətdə birbaşa əlinin olmasını bir daha təsdiq edir.

Daha sonra qeyd olunur ki, Xocalı soyqırımı Azərbaycan ərazisinin 20 faizinin işğalı ilə tamamlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə sıx bağlıdır. Bu qeyri-qanuni işğal isə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi ilə pislənilib, Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxarılması tələb edilib. Lakin bu qətnamələr hələ də həyata keçirilməmiş qalır.

Məktubda dünyanın hər yerində geniş yayılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası barədə ətraflı məlumat verilir.

Sonda bir daha Baş nazirə müraciət edən soydaşlarımız ondan Xocalı soyqırımının Avstraliya hökuməti tərəfindən rəsmən tanınmasını xahiş edirlər.