YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin Azərbaycandakı səfirliyində Bakının erməni-daşnak və bolşevik qüvvələrindən azad edilməsinin 96-cı ildönümünə həsr olunan tədbir keçirilib

Sentyabrın 15-də Türkiyə Respublikasının Azərbaycandakı səfirliyində Bakının erməni-daşnak və bolşevik qüvvələrindən azad edilməsinin 96-cı ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdə Milli Məclisin üzvləri, Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, tarixçi alimlər, tədqiqatçılar iştirak ediblər.

Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun 96 il əvvəl türk və Azərbaycan ordusunun çiyin-çiyinə vuruşaraq qəhrəmanlıqlar göstərdiyini vurğulayıb. Diplomat Osmanlı imperiyasının çətin dövr yaşamasına baxmayaraq, öz borcunu yerinə yetirdiyini, Türkiyədə qardaş ölkəyə kömək etmək məqsədilə Qafqaz İslam Ordusu yaradıldığını qeyd edib. 1918-ci ilin 15 sentyabrını dostluq və qardaşlığın zəfər günü, ortaq türk tarixinin şanlı səhifəsi, birliyin təntənəsi kimi səciyyələndirən səfir İsmail Alper Coşkun bildirib ki, bu fədakarlıqları gələcək nəsillərə ötürmək və dünyaya bəyan etmək hər bir türkün borcudur.

Sonra Qafqaz İslam Ordusunun kəşməkəşli, eyni zamanda, şərəfli və xilaskar yürüşünü əks etdirən sənədli film nümayiş olunub.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxış edərək 1918-ci il 15 sentyabr hadisələrinin tarixi əhəmiyyətindən, baş vermə şəraitindən və nəticələrindən danışıb.

Yaqub Mahmudov Azərbaycanın bölgələr üzrə Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi ardıcıllığını diqqətə çatdırıb. O, Bakının azad edildiyi günün Azərbaycan xalqının tarixində əlamətdar hadisə olduğunu və bununla da dövlətçiliyimizin bərpa edildiyini vurğulayıb.

Tədbir çərçivəsində Qafqaz İslam Ordusunun zəfər yürüşünün 96-cı ildönümünə - Bakının erməni-daşnak və bolşevik qüvvələrindən azad edilməsinə həsr olunan sərgi keçirilib.

Sonda “Qafqaz İslam Ordusu və Bakının işğaldan azad edilməsi” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar.