YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Ölkəmizdə söz və mətbuat azadlığının təminatçısı Prezident İlham Əliyevdir

"ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezir Azərbaycanın ünvanına səsləndirdiyi fikirlər cəfəngiyatdan başqa bir şey deyil və siyasi şantaj xarakteri daşıyır". Bu fikirləri "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Azərbaycanda söz, mətbuat azadlığının təmin olunduğunu deyən baş redaktor bildirib ki, ölkəmizdə  söz və mətbuat azadlığının təminatçısı Prezident İlham Əliyevdir.

H.Babaoğlunun sözlərinə görə, Azərbaycan o ölkələrdəndir ki, burada jurnalistlər, media azaddır və heç bir senzura yoxdur: "Üstəlik bütün internet resursları Azərbaycan vətəndaşlarının və internet istifadəçilərinin üzünə açıqdır. Heç bir şəkildə, heç bir internet resursu jurnalistlər və ya informasiya istehlakçıları üçün əlçatmaz deyil. Belə olan halda, söz azadlığının məhdudlaşdırılmasından söhbət belə gedə bilməz. Azərbaycanda informasiya cəmiyyəti mövcuddur. Bu informasiya cəmiyyəti informasiya istehsal və istehlak etməkdə tamamilə sərbəstdir. Azərbaycan Prezidenti ölkə jurnalistlərini özünün köməkçisi, jurnalistlərimiz də Azərbaycan Prezidentini özlərinin böyük hamisi və dostu hesab edirlər. Bu, Azərbaycan reallığıdır".

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik" reytinqində Azərbaycanın ölkəni idarə edən siyasətçilərə ictimai etimad məsələsində birinci 20-likdə yer alan ölkələrdən biri olduğunu xatırladan deputat deyib ki, əslində bu münasibət dolayısı ilə həm də Azərbaycan jurnalistlərinin mövqeyidir: "Bir müddət öncə ATƏT-in "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Hollandiya şirkəti Azərbaycanda prezident seçkiləri ilə bağlı sorğu keçirmişdi. Həmin sorğuda "Prezident seçkiləri keçirilsəydi, kimə səs verərdiniz?" sualına cavab verən iştirakçıların 82 faizdən çoxu Prezident İlham Əliyevə səs verəcəklərini bildirmişdilər. Əgər söylədiyimiz məsələlər müxtəlif və fərqli rəy sorğusu keçirən şirkətlər tərəfindən də təsdiq olunursa, o zaman hansı məhdudlaşdırmadan danışmaq olar? Bu rəy Azərbaycan xalqının ümumi rəyidir".

"Media institutu Azərbaycan cəmiyyətinin digər aparıcı institutları kimi xalqımızın azad iradəsini təmsil edir. Görünür, bəzi şəxslərə Azərbaycanı şantaj etmək üçün yeni vasitələr lazımdır. Milli maraqlarımıza zərbə vuran və onları himayə edən bəzi şəxslər konkret əməllərinə görə Azərbaycan qanunları qarşısında cavab verirlər və bundan sonra da cavab verəcəklər. Ona görə də, ATƏT-in media azadlığı ofisinin Azərbaycanla bağlı irəli sürdüyü bu münasibət qərəzlidir və heç bir obyektiv əsaslara söykənmir", - deyə, H.Babaoğlu vurğulayıb.