YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahir Abbaszadə: 2017-ci ildə ölkəmiz sosial-iqtisadi sahədə böyük nəticələr əldə edib

«2017-ci il Azərbaycan üçün uğurlu oldu. Ötən il ərzində ölkəmiz sosial-iqtisadi sahədə böyük nəticələr əldə edib. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında əldə olunan nəticələr geniş təhlil olundu və perspektivdə görüləcək işlər müəyyənləşdirildi». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, ötən ilin əsas iqtisadi göstəricilərindən biri qeyri-neft sektorunun davamlı olaraq inkişafıdır. Belə ki, bu dövrdə qeyri-neft sektoru 2,5 faiz artıb. Sənaye sahəsində qeyri-neft sektoru 3,6 faiz, kənd təsərrüfatında  isə 4,1 faiz artıb qeydə alınıb.

«Vacib məqamlardan biri də budur ki, ölkəmizin valyuta ehtiyatları da artır. 2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb  və bütövlükdə valyuta ehtiyatlarımız təxminən 42 milyard dollar təşkil edir. Eləcə də, ötən il iqtisadiyyatımıza 14,6 milyard dollar həcmində sərmayə qoyulması vacib göstəricidir. Yeni mərhələdə həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkəmizin ixrac potensialı da əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyevin vurğuladığı kimi 2017-ci ildə ixrac 19 faiz, qeyri-neft ixracımız isə 24 faiz artıb. Xüsusilə vurğulamaq istəyirəm ki, ötən il məcburi köçkünlərin problemlərinin həlli də hökumətin diqqət mərkəzində olub. 2017-ci ildə 2300 ailə yeni evlərə köçürülüb. Yəni, 12 mindən çox məcburi köçkün yeni mənzillərlə təmin edilib. Dövlət başçısının qeyd etdiyi kimi Cocuq Mərcanlı kəndinin bərpası tarixi nailiyyətdir, indi 150 evdən ibarət gözəl qəsəbə yeni həyatını yaşayır. Azərbaycan dövləti Cocuq Mərcanlının timsalında bir daha göstərib ki, heç vaxt işğalla barışmayacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və bütün köçkünlər bir arzu ilə yaşayırlar ki, tezliklə öz doğma torpaqlarına qayıtsınlar. Məcburi köçkünlər inanırlar ki, dövlət başçısının qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək və bu insanlar doğma torpaqlarına qayıdacaqlar»-deyə, M.Abbaszadə qeyd edib.