YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Monqolustanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də Monqolustanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bold Ravdanın etimadnaməsini qəbul edib.

Səfir Bold Ravdan fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Bold Ravdan etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi və qeyd etdi ki, Azərbaycan tərəfi Monqolustan hökuməti ilə qarşılıqlı maraq doğuran sahələrdə - siyasi, iqtisadi, mədəni sahələrdə gələcəkdə də birgə fəaliyyət göstərməkdə maraqlıdır. Monqolustan Prezidenti ilə bu yaxınlarda telefon danışığını məmnunluqla xatırladan Prezident İlham Əliyev söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyini bildirdi və hər iki tərəfin bu vaxtadək dövlət başçıları və hökumətlər səviyyəsində fəal əlaqələrin olmamasını təəssüf hissi ilə qeyd etdiklərini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, bu baxımdan ölkələrimizin müxtəlif qurumları - parlamentlər, nazirliklər, biznes qrupları arasında və siyasi sahədə əlaqələrin həyata keçirilməsi önəmlidir və əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanlar var.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir, ilk növbədə, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın salamlarını dövlətimizin başçısına çatdırdı və onun da Azərbaycan Prezidenti ilə telefon danışığını məmnunluq hissi ilə xatırladığını vurğuladı. İkitərəfli münasibətlərin istənilən səviyyədə olmadığını bildirən səfir əməkdaşlığımızın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd etdi.

Görüşdə, eyni zamanda, idxal-ixrac, müdafiə sənayesi, sərmayə qoyuluşu, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi.

Prezident İlham Əliyev Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Monqolustan dövlətinin başçısına çatdırmağı xahiş etdi.