YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın inamının böyük olduğu ölkədə Prezidentə milyonların sevgisi şəksizdir

Vüqar Rəhimzadə,

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru

Ölkəmizdə həyata keçirilən siyasətin alternativi yoxdur

Uğurlarımız  bu gerçəkliyi təsdiqləyir ki,  ulu öndər Heydər Əliyevin siyasi kursunu hər sahədə uğurla davam etdirən  Prezident İlham Əliyevin daxili və xarici siyasətinin başlıca məqsədi Azərbaycanı  dünyanın inkişaf etmiş ölkələri sırasında görmək,  beynəlxalq aləmdə  nüfuz və söz sahibinə çevirməkdir

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası qarşıdakı illər üçün istiqamət oldu

2003-cü ildə xalqın 76, 84 faiz səsini  qazanaraq Prezident seçilən cənab İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi bu fikirlər müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə xalqımız, dövlətimiz üçün gördüyü işlərin, göstərdiyi xidmətlərin aydın ifadəsidir: «Heydər Əliyevin siyasəti  Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanıb. Azərbaycan  beynəlxalq aləmdə  özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azəçrbaycanla  hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün  beynəlxalq, irimiqyaslı  layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə  həyata keçirilir.»

Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı xaosdan, anarxiyadan, özbaşınalıqlardan, iqtisadi böhrandan xilas edib bugünkü uğurlara yol açan ulu öndər Heydər Əliyevin xidmətlərinin miqyası bu fikri böyük inamla və qətiyyətlə ifadə etməyimizə əsas yaradır-Bizim sözümüzün imzamız qədər qüvvəsi vardır.

Azərbaycan sabitlik diyarı kimi nüfuz qazandı.  Bu sabitlik, eyni zamanda onun əsas yaratdığı  bisnes imkanları Azərbaycana investisiya axınını sürətləndirdi. 1994-cü il sentyabrın 20-də imzalanan «Əsrin müqaviləsi» Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasını şərtləndirdi. Məhz bu təmələ əsaslanaraq bu gün Azərbaycan çoxtərəfli əməkdaşlığın əsas iştirakçısı və təşəbbüsçüsü kimi çıxış edir.

1993-2003-cü illər Azərbaycan tarixinə sabitlik,  dirçəliş, inkişaf dövrü kimi yazıldı. Möhkəm təməl, xalqının, dövlətinin bu günü, gələcəyi üçün düşünən liderin olması böyük xoşbəxtlikdir. Azərbaycan xalqı bu xoşbəxtliyə layiq olduğunu həm yaşadığı gerçəklikləri ilə, həm də beynəlxalq qurumların hesabatlarında ən xoşbəxt ölkə imicini qazanması ilə yaşayır. Bu xoşbəxtliyi davamlı edən  açar isə ulu öndər Heydər Əliyevin 2003-cü il prezident seçkilərində  xalqa müraciəti oldu.

«Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm»

1 oktyabr 2003-cü il müraciətində «Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var» söyləyən ulu öndər Heydər Əliyev  bildirmişdir: «Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.»

Populizmə deyil, reallıqlara yüksək dəyər verən xalqımız Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurlar fonunda 2003-cü il 15 oktyabr prezident seçkilərində yüksək fəallıq nümayiş etdirib, cənab İlham Əliyevi dəstəkləməklə növbəti dövr üçün uğurlarımızı şərtləndirdi. Möhtərəm Prezidentimiz İlham Əliyev  2003-cü ildə keçirilən andiçmə mərasimində ifadə etdiyi bu əminliyi  bir daha yada salaq: «Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki,  ölkəmiz bundan sonra da  inkişaf edəcək, daha da güclənəcəkdir.  Azərbaycanda  demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevıriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq  bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.»

«Bu, elə bir zirvədir ki,  əlbəttə, mən bu zirvədə  duraraq,  təkcə özümü deyil,  bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm»

Yenə də möhtərəm Prezidentimiz İlham Əliyevin  mətbuata ilk müsahibəsini xatırlayaq. «Cənab Prezident, artıq Siz and içdiniz, indi ölkənin birinci şəxsisiniz və hansı hissləri  keçirirsiniz» sualına cənab İlham Əliyevin cavabı ulu öndər Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində inkişaf edən Azərbaycanın gələcək inkişafının  istiqaməti kimi dəyərləndirildi: «Gərək mən ümidləri doğruldam… Qarşımda çoxlu vəzifələr var,  çoxlu  işlər  görmək əzmindəyəm. Bütün bunlar haqqında düşünürdüm… Bu da təbii idi ki,  keçmişdə gördüyüm işlər haqqında  düşünürdüm. Həyatımın artıq növbəti və elə bil ki,  sonuncu mərhələsi başlanır. Çünki bundan yuxarı vəzifə yoxdur. Bu, elə bir zirvədir ki, əlbəttə, mən bu zirvədə  duraraq, təkcə özümü  deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm.  Əlbəttə, bu mənim çiyinlərimə əlavə məsuliyyət yükü qoyur.»

Dövlətimizin başçısı  İlham Əliyev bu məsuliyyəti uğurlu addımları ilə gerçəkləşdirdi, Azərbaycana biri-birindən əhmiyyətli uğurlar qazandırdı.  Son 14 ildə ölkə  Prezidentinin  təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz  dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı,  regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atıb. «Biz  son illər ərzində  aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik» söyləyən cənab İlham Əliyev  bildirir ki, bizim xoşbəxtliyimiz ondadır ki,  müstəqil, azad dövlətdə  Azərbaycan Respublikasının  vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən  üstün tutmalıyıq.

Təbii sərvətlər, insan potensialı,  xalqın iradəsi…

«Biz hamımız birləşərək və  bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik.» 2003-cü ildə səsləndirilən proqram xarakterli bu fikirlər növbəti illərdə görüləcək işlərin aydın mənzərəsini yaratdı.   Dövlətimizin başçısı İlham Əliyev bu reallıgı da qeyd etmişdir ki, hər şey iqtisadiyyat üzərində qurulub.  Ölkənin iqtisadiyyatı  möhkəm olarsa, bütün məslələri həll etmək mümkündür. İqtisadiyyatımızın  növbəti mərhələsi məhz özəl  sektorun daha fəal iştirakından  asılı olmalıdır və bu istiqamətdə  bizim üzərimizə düşən vəzifələri  yerinə yetirməyə hazırıq.

Ölkə Prezidenti  İlham Əliyev «Neft kapitalını insan kapitalına çevirək» tezisini irəli sürərək, bu məqsədə nail olmaq üçün  regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini bildirdi. 2003-cü ildən ötən 14 ildə regionların, eyni zamanda Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 2 Dövlət Proqamının icrası başa çatıb, üçüncünün icrası davam edir.  Hər bir sənəddə nəzərdə tutulan dövr ərzində görülən işlərin planı öz əksini tapır.  Dövlət proqamlarının uğurlu icrasının nəticələri göz önündədir. Təkcə 2017-ci ilin  ötən dövrünun  sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir ki, Azərbaycanın iqtisadi inkişafı barədə aydın təsəvvür yaransın.

Statistikaya söykənərək, qətiyyətlə bildiririk ki, 2017-ci il tariximizə iqtisadi islahatlar ili kimi daxil olacaq. Məhz bu ilin 9 ayında qeyri-neft sektoru 2,5 faiz, sənaye istehsalı 3,1 faiz, kənd təsərrüfatı  2,8 faiz artıb. İlin 9 ayında Azərbaycanın valyuta ehtiyatları artıb, hazırda bu rəqəm 42 milyard dollar səviyyəsindədir. İlin əvvəlindən valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb. Bu dövrdə  226 min yeni iş yeri yaradılıb ki, onlardan 171 mini daimi iş yeridir. Bu da işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verir.  Son 14 ildə   bir milyon 800 mindən artıq yeni iş yeri yaradılıb.  Xatırladaq ki,   2004-2008-ci illər üçün nəzərdə tutulan birinci Dövlət Proqamında  600 min yeni iş yerinin açılması qarşıya mühüm vəzifə kimi qoyulmuşdu. Sənədin   icrası başa çatdıqda bu rəqəm 700 mindən çox idi.  Bu, onu göstərdi ki,   məqsəd uğurlara nail olmaq üçün stimulverici amildir. Möhtərəm Prezidentimiz İlham Əliyev  Prezident kimi  jurnalistlərə ilk müsahibəsində də bildirmişdir ki,   zaman dəyişir, qarşıya yeni-yeni tələblər qoyulur. Məhz bu tələblər yeniləşməni, modernləşməni daha da aktuallaşdırır. Birinci proqramın uğurlu icrası ikinci, o isə öz növbəsində üçüncü  sənədin  qəbulunu zərurətə çevirdi. Qeyri-neft sektorunun inkişafını bölgələrin inkişafı kimi dəyərləndirən cənab İlham Əliyevin  rayonlara ardıcıl səfərləri, hər səfərindən sonra həmin regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə əlavə tədbirlər planının təsdiqlənməsi və Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması  bu inkişafı daha da sürətləndirir. Uğurlu, təkmil addımların nəticəsində bu gün ölkəmizdə işsizli, yoxsulluq 5 faiz səviyyəsindədir. Cənab İlham Əliyev  2003-cü il andiçmə mərasimində yoxsulluq kimi sosial  bəlanın tamamilə  aradan qaldırılacağını əsas vəzifə kimi qarşıya qoymuşdu. Ölkəmizdə bu istiqamətdə görülən işlər beynəlxalq səviyyədə də təqdir edilir.  Bu faktı da qeyd etməliyik ki,  Azərbaycan Cənubi Qafqaz regionu iqtisadiyyatının 75 faizinə sahibdir. Bu, inkişaf modeli dünyaya təqdim edilən və öyrənilməsinin vacibliyi vurğulanan Azərbaycanın mühüm uğurlarındandır. Azərbaycan eyni zamanda  investisiya cəlbediciliyi baxımından da diqqət çəkir. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 200 milyard dollara yaxındır. Bunun böyük qismi xarici investisiyalardır. Bu faktın özü Azərbaycanın bu gününə, gələcəyinə inamın təsdiqidir.  Dövlətimizin  başçısı İlham Əliyev bildirir: «Heç kəsə sirr deyil ki,  sərmayələr,  xüsusilə  xarici sərmayələr sabitlik olan ölkələrə qoyulur.  Çünki hər bir  sərmayədar  o qədər də risk etmək istəmir. Bu baxımdan da  Azərbaycan  sərmayə qoyuluşu üçün  çox münasib ölkədir.  Azərbaycanda  hökm sürən sabitlik,  ictimai-siyasi asayiş sərmayələrin cəlb olunması  istiqamətində  böyük addımlar atmağa imkan veribdir.»

Göründüyü kimi, Azərbaycan sabitlik diyarına çevrilib, ölkəmiz  ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft stregiyasının  uğurlarını yaşamaqla dünyanın diqqət mərkəzində dayanır.  Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul olunmasında da onun iqtisadi uğurları, sabitlik diyarı kimi nüfuz qazanması, eyni zamanda demokratik inkişafı həlledici rol oynayır.

Demokratikləşmə prosesinin sürətləndirilməsi sadəcə şüar, niyyət deyil, ölkənin hərtərəfli inkişafı üçün əsasdır

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev bildirirdi ki, sabitlik, iqtisadi tərəqqi, ictimai-siyasi əmin-amanlıq olmasa, təbii ki, demokratiyanın  ömrü uzun ola bilməz. Son 14 ildə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi  Azərbaycanın demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi ilə  təsdiqlənir. Möhtərəm Prezidentimiz  bildirir ki, iqtisadi və siyasi islahatların vəhdətliyi  Azərbaycanın hərtərəfli inkişafı üçün əsasdır. İstər insan  hüquqlarının qorunması, istər azad mətbuatın inkişafı, istər  seçkilərdə  vətəndaşlara sərbəst seçim hüququnun verilməsi, istər çoxpartiyalı sistemin yaradılması, istərsə də  seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atılan adımlara diqqət yetirsək, bir məqsəd, amal özünü təsdiqləyər ki, atılan bu addımlar  ölkə Prezidenti cənab İlham Əliyevin vurğuladığı  kimi, hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Beynəlxalq əməkdaşlıq fonunda qəbul olunan qanunlara edilən əlavə və dəyişikliklər, yeni qanunların qəbul olunması  Azərbaycanın bu gününə və gələcəyinə xidmət edir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunədir.

İnsan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsasıdır. Ölkə Prezidenti  İlham Əliyevin Sərəncamı ilə 18 iyunun ölkəmizdə  İnsan Hüquqları Günü kimi təsis olunması, son 14 ildə iki dəfə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendumun keçirilməsi, 27 dekabr 2011-ci il tarixli Sərəncamla  daha geniş sferanı əhatə edən «Azərbaycan  Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»nın təsdiqlənməsi bu istiqamətdə atılan addımların davamlılığının, dövrün tələbinə uyğun təkmilləşmənin  göstəricisidir.   «Hüquqi dövləti mətbuatsız təsəvvür etmək mümkün deyil» söyləyən cənab İlham Əliyevin azad mətbuatın inkişafına göstərdiyi diqqət və qayğı da 14 ildə atılan addımların miqyasından daha aydın görünür. KİV-in inkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiqi, bu sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı davamlı sərəncamların imzalanması bunun bariz nümunəsidir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, möhtərəm Prezidentimiz 3 dəfə «Jurnalistlərin dostu» mükafatına layiq görülüb.

Demokratiyanın vacib amillərindən biri kimi ölkəmizdə çoxpartiyalı sistemin  formalaşması istiqamətində atılan addımlar da göz önündədir. «Siyasi partiyalar haqqında» yeni qanunun qəbulu, partiyaların dövlət büdcəsindən maliyyələşməsi və s. kimi tədbirlər bu reallığı ortaya qoyur ki, Azərbaycan dövləti demokratik inkişafı strateji kursunun əsası kimi qəbul edir, dünya təcrübəsinə istinad edərək qəbul olunan qanunların təkmilləşdirilməsində, yaxud yenidən qəbulunda maraqlıdır.

Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu məqamı da nəzərə alaq ki,  hər bir seçki ölkədə mövcud olan ab-havanın göstəricisidir. Son 14 ildə ölkədə keçirilən prezident, parlament, bələdiyyə seçkilərində xalqın fəal iştirakı, həyata keçirilən siyasətə dəstəyi davamlı inkişafa geniş yol açan mühüm amillərdəndir. Azərbaycan dövləti seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri tədbirlər həyata keçirir. 2003-cü ilin mayında Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, eyni zamanda Avropa Şurasının Venesiya Komissiyası ilə birgə əməkdaşlığı nəticəsində qəbul olunan Seçki Məcəlləsinə bu dövrdə dəfələrlə edilən əlavə və dəyişikliklər də təkmiləşməyə, yeniləşməyə verilən önəmdən qaynaqlanır. Keçirilən seçkilərdə xalqın ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasına dəstəyi təbii ki, bu partiyanın yaradıcısı olan Heydər Əliyevin ideyalarına sədaqətdən, onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamdan irəli gəlir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası təkcə ölkənin deyil, regionun aparıcı təşkilatıdır. Sıralarında 700 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyası tutduğu yola sadiqliyi ilə daim Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə, yeni-yeni hədəflərə nail olmasına dəstək olmağa səy göstərir. Bu günümüz üçün partiyanın devizi «Yeni hədəflərə doğru»dur.

Yüksək rifahın təmin edilməsi əsas hədəflərdəndir 

Güclü sosial siyasətlə tamamlanan iqtisadi islahatların zamanın tələblərinə uyğunlaşdırılması  Azərbaycanı dünyaya sosial dövlət kimi təqdim edir. Dövlətimizin  başçısı İlham Əliyev çıxışlarında bu əsas  məqamı hər zaman önə çəkir  ki,  iqtisadi inkişaf prosesi elədir ki, bu inkişafı, irəliləyişi həm gözlə görmək  mümkündür və həm də statistik rəqəmlərdə öz əksini tapır. 2008-ci ildən dünyanı bürüyən və nəticələri bu günə kimi davam edən  iqtisadi və maliyyə böhranı dövründə ölkəmizdə əmək haqlarının, pensiyaların artırılması sosial müdafiənin prioritetliyini bir daha nümayiş etdirdi.  Ötən dövr ərzində bu istiqamətdə atılan mühüm addımlardan biri kimi vətəndaşlara sovet dövründən qalmış əmanətlərə görə kompensasiyaların verilməsini, aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramından bəhrələnmələrini qeyd edə bilərik.   

2008-2015-ci illəri əhatə edən «Azərbaycan Respublikasında yoxsulluğun azaldılması  və davamlı  inkişaf Dövlət Proqramı» icra olundu. Əvvəldə də qeyd etdiyimiz kimi, hazırda ölkəmizdə yoxsulluğun səviyyəsi 5 faizdir. Təbii ki, bu kimi addımlar dövlətin insan amilinə verdiyi dəyərin təsdiqidir. Bir məqamı da xüsusi qeyd etməliyik ki, 2009-cu ildə keçirilən ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərdə xüsusilə diqqəti cəlb edən «Dövlətin ali məqsədi» maddəsinə edilən əlavə oldu. Bu əlavəyə əsasən, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması, eyni zamanda layiqli həyat səviyyəsinin təmin edilməsidir.

Dünyaya inteqrasiya siyasətini həyata keçirən Azərbaycan beynəlxalq  əməkdaşlığa bütün sahələrdə önəm verir

Əvvəldə də qeyd etdiyimiz kimi, məhz ulu öndər Heydər Əliyevin  qətiyyəti sayəsində 1994-cü ilin 20 sentyabrında  «Əsrin müqaviləsi»nin imzalanması ilə  beynəlxalq əməkdaşlığa  açılan yol bu gün uğurla davam edir. «Əsrin müqaviləsi»nin 20 illiyində «Cənub Qaz Dəhlizi»nin təməlinin qoyulması, 23 illiyində, yəni bu ilin sentyabrında Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması da bunun bariz nümunəsidir. Azərbaycan bu gün təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi nüfuz qazanıb və beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirib. Möhtərəm Prezidentimiz İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçildikdən sonra keçirilən andiçmə mərasimində bu inamı da ifadə etmişdir: «Gələcəkdə Azərbaycan  öz iqtisadi potensialını inkişaf etdirdikcə, Azərbaycanda  yeni neft yataqları  kəşf olunandan sonra, BTC neft kəməri istismara veriləndən  sonra, əlbəttə, ölkəmizin imkanları  daha da artacaqdır.  Hər il Azərbaycana  milyardlarla dollar vəsait daxil olacaqdır.  Bu vəsaitlə Azərbaycanda  bütün sahələrdə  quruculuq işləri  aparılacaq, sosial problemlərin həlli istiqamətində  böyük işlər görüləcəkdir.» 2003-cü ildə aktivlərinin həcmi 800 milyon dollar olan Dövlət Neft Fondunda  bu gün toplanan  vəsaitlərin həcmi 36 milyard dollardan artıqdır. Fondun vəsaitləri hesabına gerçəkləşdirilən layihələr Azərbaycanın hərtərəfli inkişafını daha da sürətləndirir. Bu ilin mühüm hadisələri sırasında yer alan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi də Azərbaycanın iqtisadi imkanlarının, qətiyyətinin təsdiqidir.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinə və rolunu möhkəmləndirən xeyli sayda faktlar sadalamaq olar. 2011-ci ildə Azərbaycanın  155 ölkəninin dəsətyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daim üzv seçilməsi ölkəmizə beynəlxalq baxışın  yüksək səviyyədə olduğunun təsdiqidir. Ölkəmiz müxtəlif sahələri əhatə edən beynəlxalq səviyyəli  tədbirlərə ev sahibliyi etməklə də bu inamı nümayiş etdirir. Məlum olduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə ötən il ölkəmizdə «Multikulturalizm ili», cari il isə «İslam Həmrəyliyi İli» elan edilib. Məhz bu illərin özü Azərbaycanın ölkələr, xalqlar arasında körpü roluna bir işıq salır. Dünya dövlətləri, həmçinin İslam aləmi ilə əməkdaşlığı xarici siyasətinin önündə saxlayan Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə əməkdaşlıq körpüsü roluna yeni əlavələr etdi. Bakıda keçirilən «2017- İslam Həmrəyliyi İli: Dinlər və  mədəniyyətlərarası dialoq» mövzusunda beynəlxalq konfransda da möhtərəm Prezidentimiz İlham Əliyev Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın əməkdaşlığa töhfələrindən geniş bəhs etmişdir. 2016-cı ildə BMT-nin Svilizasiyalar Alyansının VII Qlobal Forumunun, eyni zamanda digər  mədəniyyətlər və dinlərarası dialoq forumlarının Azərbaycanda keçirilməsinin təbii olduğunu  qeyd edən cənab İlham Əliyev bunu belə əsaslandırmışdır: «Çünki  ilk növbədə,  Azərbaycan  sivilizasiyalar arasında  həmişə müsbət  rolunu oynayıb və Asiya ilə  Avropa arasında  həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynayır. Digər tərəfdən, Azərbaycan  o ölkələrdəndir ki, burada dini, milli zəmində heç bir problem yoxdur, heç bir-hətta kiçik bir anlaşılmazlıq yoxdur. Əksinə, Azərbaycanda yaşayan bütün millətlər, bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır və ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər.» Dövlətimizin başçısı İlham Əliyev sonda bu inamı da ifadə etmişdir ki,  Azərbaycan müstəqillik dövründə  mədəniyyətlərarası dialoqun inkişafında  və İslam həmrəyliyinin güclənməsi işində öz rolunu oynayıb,  bundan sonra da bu yolla gedəcəyik.  

Hər gün, hər an bizi qələbəyə yaxınlaşdırır

Ölkəmizin  iqtisadi və siyasi mövqeyini möhkəmləndirməsi ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də yol açır.  Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin və təşkilatların sayının artması   Prezident İlham Əliyevin qətiyyət və səyinin nəticəsidir. Münaqişənin həllində möhkəm hüquqi baza mövcuddur. Diplomatik mübarizədə qələbə qazanan ölkəmizin münaqişənin həllində hərb siyasətini seçdiyi təqdirdə də   qələbəsi şəksizdir.  Ötən ilin aprel döyüşləri bunu bir daha təsdiqlədi. Möhtərəm Prezidentimiz  İlham Əliyev bildirir: «Təmas xəttindəki vəziyyət onu göstərir ki, bu gün biz təmas xəttində hakim mövqelərə tam sahibik. Əlbəttə, Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Çünki əks təqdirdə onları çox acı nəticələr gözləyir. Məsələ ilə məşğul olan vasitəçilər çalışırlar ki, danışıqlar prosesi bərpa edilsin. Biz də əlbəttə ki, bunu dəstəkləyirik. Ona görə bir daha demək istəyirəm ki, bu il də bu istiqamətdə real nəticə əldə olunmasa da, Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında aciz, gücsüz, asılı ölkə kimi təqdim etmişdir.»

Rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından dəyişməz mövqeyimiz bəyan edir- Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz.  BMT Baş Assambleyasının 72-ci sessiyasında möhtərəm Prezidentimiz İlham Əliyevin səsləndiridyi bəyanatlar işğalçı Ermənistana, ona havadarlıq edən dövlətlərə və təşkilatlara ciddi mesaj oldu: «Hərbi təxribat davam edərsə, ölkəmiz öz vətəndaşlarını qoruyacaq və təcavüzkarı yenidən cəzalandıracaq.»

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanın çox güclü, qüdrətli, dünya standartlarına cavab verən  ordusu var. Sülh danışıqları səmərə vermədiyi təqdirdə torpaqlarımızın hərb yolu ilə azad ediləcəyi şəksizdir. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcıdır. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.

İdarəetmə sistemində təkmilləşmə davamlı inkişafın təminatıdır

Ulu öndər Heydər Əliyevin siyasi kursunun son 14 ildə uğurla davam etdirilməsi nəticəsində əldə olunan uğurların ümumiləşdirilmiş ifadəsi olaraq möhtərəm Prezidentimiz   İlham Əliyevin bu fikirlərini xatırlayaq: «Bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var. Artıq biz bu barədə də danışa bilərik, çünki bu model, doğrudan da, bir nümunə kimi hər bir ölkə üçün maraqlı olmalıdır... Bunu dost görür sevinir, düşmən gəlib görəndə kefi pozulur. Biz bundan sonra da elə işləməliyik ki, xalqımız, dostlarımız sevinsin, düşmənin pis niyyəti gözündə qalsın. Əminəm ki, belə də olacaq, Azərbaycan bundan sonra da uğurla  inkişaf edəcəkdir.»

Keçilən yola, əldə olunan uğurlara söykənərək,  qarşıdakı illərin prioritetlərini müəyyənləşdirən dövlətimizin  başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən  «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası, eyni zamanda  davamlı inkişafa xidmət edən Strateji Yol xəritələri yeni hədəflərin gerçəkləşməsini şərtləndirir. Hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Bunun üçün bütün əsaslar mövcuddur. Hesabatlarında uğurlarımızın geniş yer aldığı beynəlxalq maliyyə qurumları da Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyinin gerçək olduğunu təsdiqləyirlər. Dünya Bankının  təmsilçiləri bildirirlər ki,  Azərbaycanda 2020-ci ilədək ÜDM-nin iki dəfə artırılması böyük çağırışdır. Bunu etmək üçün ölkə kifayət qədər güclü potensiala malikdir və inanırıq ki,  Azərbaycan bu yolda ciddi uğur qazanacaq.

Cari ildə idarəetmə sistemində həyata keçirilən təkmil islahatlar da hədəflərə yüksək səviyyədə nail olacağımıza əsas yaradır. Vitse-prezidentlik institutunun yaradılması, ölkə Prezidenti  İlham Əliyevin Sərəncamı ilə   Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizin davamlı inkişafına yönələn səylərin birləşdirilməsinin təsdiqidir. Cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanı təqdim edərkən onun bütün istiqamətlərdə xidmətlərindən geniş bəhs edərək   bu inamı ifadə etmişdir: «Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Sadaladığım bütün bu amilləri nəzərə alaraq, mən bu qərara gəldim və bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir.» Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyevanın qısa müddətdə gördüyü işlərin miqyası genişdir. Azərbaycan dövlətinin, dövlətçiliyinin inkişafına, qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşdirilməsinə davamlı töhfələri göz önündədir.

Hakimiyyətin yeganə mənbəyi xalqdır

Xalqın inamının böyük olduğu ölkədə Prezidentə milyonların sevgisi şəksizdir.  Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən cənab İlham Əliyevin  2008 və 2013-cü illərdə keçirilən prezident seçkilərində təkrar qələbəsi bunun təsdiqidir.  Son  14 ilin uğurları 2018-ci ildə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevin böyük səs çoxluğu ilə qələbə qazanacağını şərtləndirir. Bunu bu günlərdə  Avropa İttifaqının «Şərq Tərəfdaşlığı» proqramının sifarişi əsasında aparılan araşdırmanın, eyni zamanda “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin keçirdiyi sorğunun nəticələri də təsdiqləyir. Araşdırmanın nəticəsinə görə,  Azərbaycan vətəndaşlarının 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir. «ELS-Müstəqil Araşdırmalar Mərkəzi» İctimai Birliyinin  apardığı sorğunun nəticlərində isə bu reallıqlar öz əksini tapıb. respondentlərin 92,8 faizi Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndiriblər. Rəyi soruşulanlara ölkə Prezidentinin həyata keçirdiyi siyasətin qiymətləndirilməsi də təklif olunub. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti qiymətləndirənlərin 91,4 faizi bu siyasəti dəstəklədiyini bildiriblər. “Dövlətimizin başçısının həyata keçirdiyi daxili siyasəti dəstəkləyirsinizmi” sualına respondentlərin 84,7 faizi “bəli” cavabını verib. Mehriban xanım  Əliyevanın Birinci vitse-prezident təyin edilməsini respondentlərin 62,9 faizi dəstəkləyib. Sorğuda respondentlərə “Gələn həftə prezident seçkiləri keçiriləcəyi halda kimə səs verərdiniz” sualı verilib. Respondentlərin 85,2 faizi cənab İlham Əliyevə səs verəcəyini qeyd edib. Ümumiləşdirilmiş şəkildə qeyd etsək,  bu gün Azərbaycan seçicisi Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir, onu gələcək prezident seçkilərində dəstəkləməyə hazır olduğunu bildirir və dövlətimizin başçısına böyük ümid bəsləyir.

Bu gerçəklik beynəlxalq siyasətçilər, ekspertlər tərəfindən də təsdiqlənir ki, Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalq-iqtidar birliyi birliyi  uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır.

Təbii ki, bir yazı çərçivəsində ölkə Prezidenti İlham Əliyevin 14 ildə gördüyü işləri, əldə olunan uğurları tam əhatə etmək qeyri-mümkündür. Bu günümüzün reallığı budur ki, Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir. Ölkəmizi qarşıda daha möhtəşəm uğurlar gözləyir. 

Möhtərəm Prezidentimiz İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsi, vətəndaşlarımızın sosial rifah halının daha  da yaxşılaşdırılması uğrunda apardığı siyasətdə daha böyük nailiyyətlər arzulayırıq.