YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vaşinqtonda “ABŞ-Azərbaycan: gələcəyə baxış” mövzusunda forum keçiriləcəkdir

Aprelin 29-30-da Vaşinqtonda “ABŞ-Azərbaycan: gələcəyə baxış” mövzusunda forum keçiriləcəkdir.

Tədbirdə Azərbaycanın və ABŞ-ın siyasətçiləri, alimləri, habelə ictimai və din xadimləri iştirak edəcəklər.

Ənənəvi olan belə görüşlər iki ölkə arasında münasibətlərin inkişafına xidmət edir. Artıq 3 ildir ki, Birləşmiş Ştatlarda “ABŞ-Azərbaycan: gələcəyə baxış” forumu keçirilir. Bu müddət ərzində Azərbaycan-ABŞ münasibətləri daha da yaxınlaşmışdır.

Hyuston-Bakı Qardaşlamış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova Azərbaycanın CBC telekanalına müsahibəsində bildirmişdir ki, əvvəllər konqresmen və ya senatorlar məlumatları az olduğu üçün görüşlərdə Azərbaycan barədə çoxlu suallar verirdilər. Lakin ABŞ-da yaşayan azərbaycanlıların geniş fəaliyyəti, son illər Azərbaycana həsr olunmuş tədbirlərin, o cümlədən belə yüksək səviyyədə görüşlərin keçirilməsinə təkan verilmişdir.

Ötən il belə bir görüş Bakıda keçirilmişdir. Milli Məclisin deputatı Səməd Seyidov demişdir: “O zaman açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, iki ölkə arasında münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsindədir. İndiki görüşün mövzusu həyatımızın bütün sahələrini, habelə bütün dünya birliyini maraqlandıran sualları əhatə edəcəkdir”.

“Azərbaycan: qlobal əhəmiyyətli yolların kəsişməsində etibarlı dost” mövzusunda birinci sessiyada Azərbaycanın etibarlı dost kimi əhəmiyyəti müzakirə ediləcəkdir. Sessiyanın moderatoru siyasi analitik Corc Fridman olacaqdır. “Azərbaycan - inkişafda olan iqtisadiyyat: energetika və gələcək” mövzusunda sessiyada Azərbaycanın enerji potensialı müzakirə ediləcəkdir.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını bildirən Milli Məclisin deputatı Asim Mollazadə demişdir: “ABŞ Avropanın ən yaxın müttəfiqi kimi bu proseslərin inkişafına maraq göstərir”.

Tədbirdə təhsil sahəsində Azərbaycan-ABŞ əməkdaşlığı da müzakirə ediləcəkdir. Bundan əlavə, forum iştirakçıları Azərbaycanda tolerantlıq və multikulturalizmin inkişafı məsələsinə toxunacaqlar. “Dialoqun möhkəmlənməsi: tolerantlığa kömək” mövzusunda sessiyada Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin başçılığı ilə nümayəndə heyəti iştirak edəcəkdir. Nümayəndə heyətinə pravoslav və dağ yəhudiləri icmalarının başçıları, habelə katolik kilsəsinin rəhbərləri daxildirlər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sessiyalarda əsas müzakirə mövzularından biri olacaqdır. Artıq ABŞ-ın bir çox ştatları Xocalı soyqırımına dair qətnamələr qəbul etmişlər. Asim Mollazadə demişdir: “ABŞ-ın 22 ştatında Xocalı soyqırımına dair qətnamə qəbul edilmişdir. 30-dan çox ştat Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş, müvafiq sənədlər qəbul edilmişdir. Əminik ki, bu proses genişlənəcəkdir”.