YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Təbrizdə ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

Azərbaycanın Təbrizdəki baş konsulluğunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirilib.

Mərasimdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.

Azərbaycanın Təbrizdəki baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib.

Qeyd olunub ki, Heydər Əliyevin yarım əsrlik bir zamanda Azərbaycanın siyasi rəhbəri olub, müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşmasına baxmayaraq onun ideyaları yaşayır və Azərbaycanın işıqlı gələcəyinə xidmət edir. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq onun ölkəmiz və dövlətimiz üçün həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir.

Baş konsul bildirib ki, 1969-cu ildə birinci dəfə siyasi hakimiyyətə gələn Ulu Öndər qısa zaman kəsiyində Azərbaycanın hərtərəfli yüksəlişi üçün uzunmüddətli inkişaf strategiyasının möhkəm təməlini qoyaraq əsas istiqamətləri müəyyən etmişdi. İkinci dəfə siyasi hakimiyyətə qayıdışı isə ölkəmizdə vətəndaş müharibəsi təhlükəsinin tüğyan etdiyi, təcavüzkar Ermənistanın torpaqlarımıza qəsd etdiyi bir dövrə təsadüf etmişdi. Hər iki halda Ulu Öndər böyük müdrikliklə xalqın birliyinə söykənərək ölkəmizi işıqlı yola çıxarmağa nail ola bildi. Sovet İttifaqı dövründə qısa zaman kəsiyində ölkədə sənaye və kənd təsərrüfatında inkişafa nail olan Heydər Əliyevin 1993-cü ildə isə ilk növbədə xalqın birliyini təmin etdi, ölkəni anarxiya və xaosdan xilas etdi. Azərbaycanın müstəqilliyini möhkəmləndirərək onu inkişaf istiqamətinə yönəltdi.

Baş konsul vurğulayıb ki, Heydər Əliyevin siyasi fəaliyyətinin və idarəetmə prinsipinin əsasını qurub yaratmaq, insanların rifahını yüksəltmək, xalqlar və ölkələr arasında dostluq, insanların yüksək təhsil almasına yaxşı şərait yaratmaq, nümunəvi səhiyyə xidmətləri qurmaq, insanların məşğulluğunu təmin etmək təşkil edib. Məhz buna görə də o, həmişə milyonların sevimlisi olub.

Müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrdə mehriban qonşuluq və səmimi dostluq ulu öndər Heydər Əliyevin xarici siyasət kursunda prioritet istiqamətlərdən biri idi. 1994-cü il iyunun 29-da Prezident Heydər Əliyev İran İslam Respublikasına rəsmi səfər etmişdi. Səfər zamanı İranın rəhbərləri ilə keçirdiyi görüşlərdə qəbul olunan qərarlar Azərbaycan-İran münasibətlərində yeni bir mərhələnin başlanğıcı oldu.

Baş konsul sadalanan faktlar əsasında qeyd edib ki, zaman keçdikcə Heydər Əliyev dühasının nuru daha uca zirvələri fəth edəcək. Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq ölkə Prezidenti İlham Əliyev sülh, əmin-amanlıq, tərəqqi və inkişaf siyasəti yürüdür.

Ə.Hüseynov bildirib ki, ümummilli lider, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində həmişə əbədi yaşayacaq.

Çıxışdan sonra ehsan süfrəsi açılıb.

Mərasimində İranın Şərqi Azərbaycan Vilayətinin Baş Mədəniyyət və İslami İrşad İdarəsinin baş direktoru Məhəmməd Məhəmmədpur, Təbriz şəhər İcra Hakimiyyətinin başçısının siyasi və ictimai məsələlər üzrə müavini Səid Bərzigər, İranın Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri İsmayıl Rağeb Babayi, Təbriz Universitetinin xarici əlaqələr məsələləri üzrə prorektoru, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu və əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri və Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.