YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Azərbaycan məhz Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxıb

«Müasir müstəqil Azərbaycan dövlətinin hazırki inkişaf mərhələsinə çatmasında bir çox amillər müstəsna rol oynamışdır. Bu sırada şəxsiyyət-lider amili mühüm yer tutur. Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyev olmuşdur». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, həm keçmiş SSRİ, həm də müstəqillik dövründə Ümummilli lider Heydər Əliyevin çoxşaxəli  fəaliyyəti yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət etmişdir. Azərbaycan məhz Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxıb, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə edilib.

«Heydər Əliyev şəxsiyyətinin xalqımız həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz yeri və rolu haqqında bəhs edərkən Ümummilli liderin siyasi fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq lazımdır. Ümummilli liderin hakimiyyətinin birinci dövrünü əhatə edən 1969-1982-ci illər illər ərzində görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində əldə edilən çoxsaylı nailiyyətlər respublikamız üçün tarixi əhəmiyyətə malikdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmasından sonra bütün sahələrdə həyata keçirilən islahatlar respublikamızın inkişafını təmin edib. Eyni zamanda, müstəqillik dövründə Ulu öndər Heydər Əliyevin çoxşaxəli və yorulmaz fəaliyyəti, misilsiz xidmətləri sayəsində Azərbaycanın inkişafı təmin olundu, müasir və qüdrətli Azərbaycan inşa edildi. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın israrlı tələbi ilə hakimiyyətə gəldikdən sonra sabitlik və təhlükəsizlik təmin edildi, bütün sahələrdə böhran və tənəzzülün qarşısı alındı, ölkə tərəqqi yoluna qədəm qoydu. Bugünkü müasir müstəqil Azərbaycan məhz Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir»- deyə, komitə sədri vurğulayıb.