YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Allahşükür Paşazadə Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Direktorlar Şurasının üzvü seçilib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə daha bir mötəbər beynəlxalq qurumun – Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi (KAICIID) Direktorlar Şurasının üzvü seçilib. İslam dininin təmsilçisi olaraq şeyxülislam Allahşükür Paşazadə bu mötəbər təşkilatda 2021-ci il aprelin 30-dək bu vəzifəni icra edəcək.

Təşkilatın baş katibi Feysəl bin Müəmmarın A.Paşazadəyə ünvanladığı məktubda bu barədə məlumat verilir. Məktubda bildirilir ki, qərar KAICIID Dialoq Mərkəzinin Təsisçilər Şurasının nümayəndələri tərəfindən qəbul olunub. Şeyxülislam ilə bərabər Direktorlar Şurasında Muhammad Bin Saud Universitetinin imamı Hamad Al-Majed, Shanti Ashram təşkilatının direktoru Kezevino Aram, Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının üzvü Yepiskop Migel Ayuso, Konstantinopol Ekumenik Patriarxatının Ekzarxı Mitropolit Emmanuel, Rissho Kosei-kai prezidenti Kosho Niwano, Kenterberi Arxiyepiskopunun Dinlərarası məsələlər üzrə katibi, İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Mark Poulson, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen, Xristian-Müsəlman dialoqu üzrə Milli Komitənin baş katibi Mohammad Sammak təmsil olunacaqlar.

Sənəddə KAICIID təşkilatının şeyxülislam Allahşükür Paşazadənin dinlərarası dialoq sahəsində malik olduğu nadir və zəngin təcrübə sayəsində Mərkəzin fəaliyyətinə önəmli töhfələr verəcəyinə inamı əminliklə vurğulanır.

Xatırladaq ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin baş katibi Feysəl bin Müəmmər ölkəmizdə səfərdə olarkən Qafqaz Müsəlmanları İdarəsində şeyxülislam Allahşükür Paşazadə ilə görüşmüşdü. Həmin görüşdə baş katibi olduğu qurumun fəaliyyəti haqda ətraflı məlumat verən Feysəl bin Müəmmər QMİ sədrinin beynəlxalq nüfuzunu, habelə İslam həmrəyliyi, dinlərarası dialoq, multikulturalizm və tolerantlıq ideyalarının inkişafına verdiyi töhfələri nəzərə alaraq onun namizədliyini KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin idarə heyətinin üzvlüyünə təqdim etmək üçün şeyxülislamın razılığını xahiş etmişdi. İslam dininin ali məqsədlərinə, dinlərarası, mədəniyyətlərarası dialoq, sülh və həmrəylik ideyalarının bərqərar olmasına hər zaman xidmət etməyə hazır olduğunu bildirən QMİ sədri namizədliyinin irəli sürülməsinə razılıq vermişdi.

Məlumat üçün bildirək ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı, İspaniya, Avstriya tərəfindən təsis olunub və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq hökumətlərarası təşkilatdır. Qurumun əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdir. Qərargahı Vyana şəhərində yerləşir. Quruma dünyanın müxtəlif ölkələrindən hər 4 ildən bir seçilən 3 müsəlman, 3 xristian, 1 yəhudi, 1 buddist və 1 induist din xadimindən ibarət direktorlar şurası başçılıq edir. Qeyd edək ki, KAICIID dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət direktorlar şurası olan yeganə hökumətlərarası təşkilatdır.

KAICIID Dialoq Mərkəzinin dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı, müxtəlifliyə, ədalətə və sülhə dəyərin artırılmasına yönəlmiş missiyası 25 ölkə, beş qitədən cəlb olunan, müxtəlif mədəni və dini mənsubiyyəti olan şəxslərdən ibarət işçi heyətində öz əksini tapır. KAICIID dünyanın müxtəlif regionlarında, o cümlədən Avropa, Amerika, Afrika, Asiya, həmçinin Yaxın Şərq ölkələrində müxtəlif humanitar layihələr həyata keçirir. Həmin layihələr arasında “Avropada qaçqınlar proqramı”, “Din naminə zorakılığa qarşı birlik”, “Dinlərarası və Mədəniyyətlərarası dəstək proqramı”, habelə beynəlxalq təqaüdlü təlim proqramı və digərləri göstərilə bilər.

Beləliklə, dünya miqyasında multikulturalizm, İslam həmrəyliyi ideyalarının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair Bakı prosesinin müəllifi Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində qlobal miqyasda mədəniyyətlərarası dialoq istiqamətində söz sahibinə çevrilən Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli təşkilatda təmsil olunacaq.

Azərbaycanın dini liderinin daha bir beynəlxalq tribunada - KAICIID Təşkilatının rəhbərliyində yer alması beynəlxalq miqyasda dinlərarası dialoq və əməkdaşlıq prosesində yaxından iştirak etmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli prosesinə real töhfələr vermək baxımından təqdirəlayiq haldır və milli-mənəvi maraqlarımızın təmini işinə xidmət edəcək.