YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Yeni Azərbaycan Partiyası bundan sonrakı mərhələdə də Azərbaycanın inkişafında öz sözünü deyəcək

“Yeni Azərbaycan Partiyası Azərbaycanın ən yeni tarixinin olduqca mürəkkəb dövründə ictimai-siyasi münasibətlərin şərtləndirdiyi siyasi sifariş kimi meydana çıxdı. 1991-cü ildə müstəqilliyimiz bərpa olunsa da, formal xarakter daşıyırdı. Azərbaycanda  yeni siyasi sistemin əsasının qoyulması, yeni ideoloji dəyərlərin təşəkkül tapması, iqtisadiyyatın, mədəni, mənəvi həyatın yenidən formalaşması üçün yeni dəyərlər sisteminin yaradılması qarşıda duran ən mühüm strateji vəzifələrdən biri idi. Bu qədər mürəkkəb tarixi mərhələdə bu cür strateji məsələləri həll edə biləcək partiya siyasi sistemdə yox idi. Yeni Azərbaycan Partiyasının yaradılmasına qədər ölkəmizdə xeyli partiya mövcud olsa da, onların ideloji dəyərlərə söykənən bəlli sosial proqram və nizamnamələri yox idi”. Bu fikirləri yap.org.az saytına “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu bildirib ki, bütövlükdə, həmin dövrdə mövcud siyasi sistem qeyri-funksional idi. Bu isə ölkəni müxtəlif istiqamətlərdə parçalanmağa sürükləyirdi: “Həmin illərdə ölkədə dini, ideoloji, siyasi, mənəvi, etnosiyasi müstəvidə ciddi kataklizmlər və bölücülük meyilləri hökm sürürdü. Dövrün ən ciddi problemi ondan ibarət idi ki, Azərbaycan cəmiyyətini təşkil edən fərdlərin və bütövlükdə sosial strataların heç biri özünü Azərbaycan dövləti ilə identifikasiya edə bilmir, yəni özlərini milli dövlətə mənsub hesab edə bilmirdilər. Belə mürəkkəb şəraitdə milli enerjinin mobilizasiya edilməsi və ondan dövlət maraqları əsasında istifadə edilməsi ümummilli problem kimi qarşıda dayanırdı. Məhz bu dövrdə sadaladığımız problemləri həll edə biləcək ictimai-siyasi qüvvə kimi Yeni Azərbaycan Partiyası meydana çıxdı. Böyük dövlət xadimi Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin qorunmasına, dövlətçiliyimizin əsaslarının gücləndirilməsi və milli inkişafa xidmət edəcək, bütün tələbləri yerinə yetirə biləcək partiya yaratdı və onun adı Yeni Azərbaycan Partiyası oldu. Bu, təsadüfi deyildi. Çünki köhnə siyasi-ideoloji sistemdən çıxmış və artıq bu sistemin iqtisadi, mədəni, mənəvi dəyərlərindən imtina etmiş Azərbaycan cəmiyyətinə yeni dəyərlər, yeni dövlətçilik, iqtisadi, mədəni, mənəvi təşkilatlanma lazım idi. Bütün bunları nəzərə alan Ümummilli lider Heydər Əliyev yaratdığı partiyanın adını məhz Yeni Azərbaycan Partiyası qoydu”.

Millət vəkili qeyd edib ki, partiyamız ilk növbədə, ölkəyə yeni siyasi dəyərlər və siyasi mədəniyyət gətirdi, yeni siyasi sistemin əsası qoyuldu: “Həmçinin Yeni Azərbaycan Partiyası cəmiyyətə birləşdirici və milli həmrəyliyə xidmət edən yeni ideologiya təqdim etdi. Bu, universal ideoloji formula olan azərbaycançılıq ideologiyası idi. Qısa müddətdə Azərbaycan cəmiyyəti bu ideologiyanı mənimsədi, milli enerji məhz dövlətimizin müstəqilliyi və inkişafının təmin olunmasına yönəldi, ayrı-ayrı fərdlər və qruplar, bütövlükdə cəmiyyət cazibə mərkəzi kimi müstəqil Azərbaycan dövlətini müəyyənləşdirmiş oldu”.

“İlk milli Konstitusiyamız qəbul olunana qədər Ulu öndər Heydər Əliyevin müəllifi olduğu partiya nizamnaməsi həm Azərbaycanın ideoloji, siyasi, mədəni substratlarını, həm də hüquqi paradiqmaları müəyyənləşdirdi. Təsadüfi deyil ki, 1995-ci ildə ilk milli Konstitusiya qəbul edilərkən məhz YAP-ın Nizamnaməsində əksini tapan müddəalara da istinad edildi”,-deyə Hikmət Babaoğlu əlavə edib.

Millət vəkili vurğulayıb ki, sonrakı mərhələdə isə YAP-ın həyatında ən mühüm hadisələrdən biri 1999-cu ildə birinci qurultayda cənab İlham Əliyevin partiya Sədrinin müavini seçilməsi oldu: “Daha sonra YAP siyasi varislik prinsipinə sadiq qalaraq ölkəmizin inkişafını təmin etməyi bacardı. Təsadüfi deyil ki, noyabrın 14-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev bildirdi  ki, Azərbaycan Ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf edib”.

“Bu gün də YAP qələbələr və ümumxalq partiyası olmaqla səciyyəvidir. Yeni Azərbaycan Partiyası bundan sonrakı mərhələdə də Azərbaycanın inkişafında öz sözünü deyəcək. Partiyamız ölkəmizin inkişafına, beynəlxalq nüfuzunun artmasına, xalqın rifah halının daha da yaxşılaşmasına layiqli töhfələrini verəcək”,- deyə Hikmət Babaoğlu vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv