YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: YAP Azərbaycanın davamlı və dayanıqlı inkişafına önəmli töhfələr verir

«Ümummilli liderimizin strateji inkişaf kursunun yeni mərhələdə Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyət və uğurla davam etdirilməsi ölkəmizin milli inkişaf modelini formalaşdırmış, bu modelin yeni qlobal çağırışlara uyğunlaşdırılmaqla tətbiqi bütün sahələrdə əsaslı müsbət dəyişikliklərə, böyük nailiyyətlərə yol açmış, gələcək tərəqqi üçün möhkəm təməl yaratmışdır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. Düşünülmüş, qarşılıqlı etimada əsaslanan müstəqil siyasət həyata keçirən, regionun siyasi, iqtisadi və mədəni mərkəzi olan Azərbaycan bu gün beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır. Səsi dünyanın ən mötəbər tribunalarından gələn müstəqil Azərbaycanın üçrəngli bayrağı irimiqyaslı ictimai-siyasi və mədəni tədbirlərdə, nüfuzlu təşkilatlarda əzəmətlə dalğalanır». Bu fikirləri yap.org.az saytına iqtisadiyyat naziri, YAP Siyasi Şurasının üzvü Şahin Müstafayev deyib.

Ş.Mustafayev bildirib ki, qazanılan böyük uğurların əsasında isə Ümummilli liderimizin müəyyənləşdirdiyi ölkəmizin hərtərəfli inkişaf strategiyası, Prezident İlham Əliyevin çevik, Azərbaycanı davamlı tərəqqiyə aparan praqmatik siyasəti dayanır. Bu inkişaf kursuna uyğun olaraq, makroiqtisadi sabitliyin qorunması, innovativ əsaslı iqtisadiyyatın inkişafının təmin edilməsi, qeyri-neft sektorunun stimullaşdırılması, yüksək əlavə dəyər yaradan və ixraca yönələn məhsul istehsalının genişləndirilməsi, ən başlıcası isə qazanılan naliyyətlərin ölkə vətəndaşının rifahının daha da yaxşılaşdırılmasına yönəldilməsi Azərbaycan iqtisadiyyatının prioritetlərini təşkil edir.

«Heç şübhəsiz ki, bu uğurların qazanılmasında Ulu Öndərin yaradıcısı olduğu, yaranma tarixi Azərbaycanın müstəqillik tarixi ilə demək olar ki, üst-üstə düşən Yeni Azərbaycan Partiyasının  rolu böyükdür. 1992-ci ilin noyabrında obyektiv tarixi zərurətdən yaranmış YAP ilk gündən ümumazərbaycan partiyasına çevrilərək xalqa xidmət missiyasını şərəflə yerinə yetirmişdir. Fəaliyyətində müstəqillik, azərbaycançılıq, müasirlik, inkişaf, sosial rifah, iqtisadi və siyasi islahatları əsas götürən YAP Heydər Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisdai inkişafında böyük uğurlara imza atmışdır. Təsadüfi deyildir ki, dahi siyasət korifeyi xalqımız və dövlətimiz qarşısındakı böyük xidmətləri ilə bağlı YAP-ı dünənin, bu günün və gələcəyin partiyası adlandırmışdır.

Ümummilli Liderin siyasi əmanəti olan YAP möhtərəm Prezidentimiz İlham Əliyevin liderliyi ilə fəaliyyətini daha da təkmilləşdirmiş, ölkənin siyasi həyatında və ümumi inkişafında əsas qüvvəyə, Qafqazın ən güclü siyasi təşkilatına çevrilmişdir. Dövlət başçısının qeyd etdiyi kimi:                                “2003-cü ildən sonra Azərbaycanın uğurlu inkişafı davam etmişdir. Bu inkişafın təmin edilməsində bir daha demək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının çox böyük rolu vardır”. Sıralarında ictimaiyyətin bütün təbəqələrini təmsil edən və 700 mindən çox üzvü birləşdirən YAP bu gün Ulu Öndərin işıqlı ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu getdikcə möhkəmləndirir, Azərbaycanın davamlı və dayanıqlı inkişafına önəmli töhfələr verir»- deyə, nazir vurğulayıb.