YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı şəhərində 2018-ci ildə keçiriləcək velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatı ilə əlaqədar Təşkilat Komitəsi yaradıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı.

Sənəddə qeyd olunur ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci il 5-9 iyun tarixində Bakı şəhərində keçirilməsinə dair qərarı Azərbaycan Respublikasının idman siyasətinin daha bir qələbəsi və beynəlxalq federasiyalar tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə olunan nailiyyətlərə verilən növbəti yüksək qiymətdir.

Respublikamızın son illər ərzində artan potensialı nəticəsində beynəlxalq səviyyəli tədbirlərin, xüsusilə ilk Avropa Oyunlarının və Ümumdünya Şahmat Olimpiadasının, voleybol üzrə qadınlar arasında Avropa çempionatının, “Tour d’Azerbaidjan” beynəlxalq velosiped yarışının, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının, dünya kuboku və Qran-Pri yarışlarının təşkilinin ənənəvi hal alması bu dünya çempionatının da yüksək səviyyədə keçiriləcəyinə inam yaradır. Velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində keçirilməsi Azərbaycanın dünya idman aləmində yerinin daha da möhkəmlənməsinə şərait yaradacaqdır.

Sərəncama əsasən, velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ilin iyun ayında Bakı şəhərində keçirilməsi üçün yaradılan Təşkilat Komitəsinə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov sədrlik edəcəkdir.