YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır

Nazim İsmayılov

Yeni Azərbaycan Partiyasının Siyası Şurasının üzvü,

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı

Bu gün biz müstəqil Azərbaycan dövlətinin qurulmasında və respublikamızın inkişafında əvəzsiz xidmətləri olan Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümünün ərəfəsindəyik. Partiyamızın keçdiyi 25 illik şərəfli yol yüz minlərlə insanı ətrafında birləşdirən, sayı 700 min nəfəri ötən partiyanın fəaliyyətində əhəmiyyətli məqam olmaqla yanaşı, həmçinin ölkəmizin siyasi tarixində əlahiddə hadisə kimi səciyyələnir. Yeni Azərbaycan Partiyası tariximizin son dərəcə ağır və kəşməkəşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında və bu böyük şəxsiyyətin ətrafında birləşən insanların fəal iştirakı ilə yaranmışdır. Ötən əsrin 80-ci illərinin sonlarından etibarən Azərbaycanın üzləşdiyi böhran və fəlakət xalqın sabaha olan ümidlərini demək olar ki, qırmışdı. Ermənilərin Qarabağdan başladıqları işğalçılıq siyasəti, ittifaq rəhbərliyinin antiazərbaycan mövqeyi daha acınacaqlı nəticələrlə - respublika başçılarının öz millətinə qarşı xəyanətkar münasibəti ilə davam etdirilirdi.

1990-cı illərin əvvəllərində və dövlət müstəqilliyi qazanıldıqdan sonra yaranan bəzi partiyalar isə ölkəni ağır iqtisadi və siyasi böhrandan nəinki qurtara bilmədilər, əksinə, vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Onların anormal idarəetmə metodu daxili situasiyanı gərginləşdirməklə yanaşı, gələcək perspektivləri də ciddi təhlükə altına salmışdı. Naşı rəhbərlik və onların yarıtmaz idarəçiliyi nəticəsində yaranan xaos, parçalanma, dövlətin məhvi kimi problemlər AXC-Müsavat iqtidarının ilk günlərindən etibarən Azərbaycanda yeni siyasi gücə böyük ehtiyac yaratmışdı. Artıq hədəf də, istinadgah da xalqın nəzərində çoxdan müəyyənləşmişdi: Böyük dövlət xadimi Heydər Əliyev. Məhz ona görə də Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və xalqın sınanmış lideri Heydər Əliyevin ətrafında birləşdilər.

1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Azərbaycanın müxtəlif bölgələrindən təəssübkeş qrupların 550-dən artıq nümayəndəsinin iştirak etdiyi möhtəşəm tədbir soyuq qış günündə, zaldakı sərt hava şəraitində baş tutdu. Konfransda Ulu öndər Heydər Əliyev yeni yaranan partiyanın əsas məqsəd və vəzifələrini, bu partiyanı digər təşkilatlardan fərqləndirəcək xüsusiyyətləri izah etdi, hər bir partiya üzvünün qarşısında dayanan vəzifəni müəyyənləşdirdi. Ulu öndər Heydər Əliyev bildirirdi ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvünün borcu dövlətin ərazi bütövlüyünü, müstəqilliyini, ictimai asayişi qorumaq, qanunlara tabe olmaq, iqtidarla sivil müxalifətçilik etmək, ölkənin mənafeyini bütün maraqlardan üstün tutmaqdır. Yalnız bu şərtlərə riayət edən şəxs Yeni Azərbaycan Partiyasının əsl üzvü, partiyanın siyasi xəttini düzgün anlayan və yerinə yetirən təəssübkeş sayıla bilər.

Belələliklə, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan tarixində öz üzərinə böyük missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Partiyanın yaranması, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin partiyaya Sədr seçilməsi zəruri tarixi hadisə idi. Azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatina yeni nəfəs verdi, Azərbaycanın siyasi həyatında ümid çırağı yandırdı.

Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaransa da, indiki bəzi müxalifət partiyalarından fərqli olaraq, Azərbaycan dövlətçiliyinə, milli maraqlara müxalifətdə deyildi. Yeni Azərbaycan Partiyası o vaxtkı iqtidara müxalifətdə olmuşdur, çünki bütün Azərbaycan xalqı o dövrdə ölkəni təhlükəli həddə çatdıran iqtidara müxalifətdə idi. Ona görə bu gün özlərini insan hüquqlarının müdafiəçiləri, azadlıq, demokratiya carçıları adlandıran o zamankı məlum iqtidar nümayəndələri Ulu öndər Heydər Əliyevin adı ilə bağlı bir partiyanın yaranmasından və bütün Azərbaycanda sürətlə təşkilatlanmasından hədsiz qorxuya düşmüşdülər. Xalqın Heydər Əliyevin zəkasına, idarəçilik qabiliyyətinə, müdrikliyinə olan inamı, bu partiyanın çox tezliklə milyonların partiyasına çevriləcəyinə heç bir şübhə yeri qoymurdu. Məhz bu reallıq o dövrki səriştəsiz rəhbərliyi qane etmirdi və öz hakimiyyətlərini qoruyub saxlamaq üçün bütün vasitələrdən istifadə edərək Yeni Azərbaycan Partiyasının təşkilatlanmasına maneçiliklər törətməyə çalışırdılar. Lakin o zamankı hakimiyyət dairələrinin yaratdığı əngəllər, əsassız təzyiqləri bu yola qədəm qoyan insanların əzmini və iradəsini qıra bilmədi. Respublikanın ən ucqar dağ kəndlərində belə Yeni Azərbaycan Partiyasının yaranması xəbərini eşidən sadə əmək adamları, bütün ziyalılar Heydər Əliyevin yenidən siyasət meydanına qayıtmasını böyük ruh yüksəkliyi ilə qarşılayırdılar.

Beləliklə, müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu milli tələbatdan irəli gəlmişdir. Başqa cür desək Yeni Azərbaycan Partiyasının yaranması xalqın istək və arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gəlmiş, bu təşkilat vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və suverenlik, azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində qurulub inkişaf etmişdir. Yeni Azərbaycan Partiyasının ideya məfkurəsini təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri partiyanın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olmaqla yanaşı, Azərbaycanın siyasi gələcəyini, inkişaf prioritetlərini də şərtləndirirdi. Ulu öndərin yeritdiyi siyasət hər bir fərdin maraq və mənafeyini özündə ehtiva etdiyindən, qısa zamanda cəmiyyətin ən müxtəlif zümrələrinin Yeni Azərbaycan Partiyasına sürətli axını başlamış, onların ictimai-siyasi həyatda fəallığı əhəmiyyətli dərəcədə artmışdır. Bir-birinin ardınca respublikamızın rayon və bölgələrində Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının təsis konfransları keçirildi. Cəmi 1 il ərzində Azərbaycanın 67 rayon və şəhərində Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları, 1500-ə qədər kənd və qəsəbə ilk təşkilatları yarandı.

Yeni Azərbaycan Partiyasının qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da məhz Ulu öndər Heydər Əliyevin fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənmişdir. 1993-cü ilin məlum iyun böhranı zamanı ölkənin taleyinə biganə olmayan insanlar yaxşı başa düşürdülər ki, Azərbaycanı sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçar olduğu bəlalardan qurtarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. İyun ayının 9-da xalqın və həm də o zaman çıxılmaz vəziyyətə düşmüş AXC-Müsavat iqtidarının təkidli tələbi ilə Bakıya qayıdan Ulu öndər fövqəl idarəçilik keyfiyyətlərindən məharətlə istifadə edərək xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olmuşdur. İyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədəki kütləvi inamsızlıq, xaos və hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin tədricən azalmasına, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratmışdır. Yeni Azərbaycan Partiyasının yaranmasından cəmi 6 ay sonra Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə dönüşünün kökündə dayanan əsas həqiqət Azərbaycan xalqının fəlakətlərdən xilas olmaq ümidlərini, gələcəklə bağlı arzularını Heydər Əliyevlə və Yeni Azərbaycan Partiyası ilə bağlamaq arzusu idi. Xalq yaxşı bilirdi ki, xilaskarlıq missiyasını yalnız təkrarsız şəxsiyyət Heydər Əliyev üzərinə götürə bilər.

Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevə etimad göstərərək Onu özünün Prezidenti  seçdi. Ulu öndər Heydər Əliyevin Prezident seçilməsindən  sonra Yeni Azərbaycan Partiyasının statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirməyə başlamışdır. Bununla da tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası müstəqilliyimizin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, tənəzzül etmiş iqtisadiyyatımızın inkişaf etdirilməsində və demokratik təsisatların bərqərar olunmasında siyasi flaqman rolunu hakim siyasi partiya olaraq öhdəsinə götürmüşdür. Həmin vaxtdan etibarən Yeni Azərbaycan Partiyası Azərbaycanı düçar olduğu təhlükə və böhranlardan qurtarmaq üçün özünün məqsədyönlü fəaliyyətinə start vermişdir. Ölkənin milli maraqlarının qorunması, təhlükəsizliyinin təmin edilməsi, vətəndaş sülhünün bərqərar olması, problemlərin aradan qaldırılması, dövlət quruculuğu, bütün sahələrdə islahatların aparılması Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasi kursun ana xəttini təşkil etmişdir. Ümummilli liderin hakimiyyətə qayıdışı və siyasi sabitliyin tam təmin olunması ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental əhəmiyyət kəsb etməyə başlamış və gələcək iqtisadi inkişaf prioritetləri müəyyənləşdirilmişdir. Heydər Əliyevin xalqı sabaha daha inamlı baxmağa səsləyən fədakarlığı bu böyük şəxsiyyətin «şah əsəri» hesab etdiyimiz  doğma Azərbaycanımızın dinamik və davamlı inkişafına da yol açmışdır.

Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində durmuş, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi istənilən tarixi situasiyada taktiki tədbirlər həyata keçirməyi bacarmışdır. Təsadüfi deyil ki, 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərinin qalibləri Yeni Azərbaycan Partiyasının namizədləri olmuşlar. Bu qələbələr Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yerinin möhkəm olduğunu, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq edir.

Çox sevindirici haldır ki, Heydər Əliyev ideyaları bu gün möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ 1995-ci ildə partiyanın namizədi kimi parlament seçkilərində qələbə qazanan cənab İlham Əliyev YAP-ın gəncləşməsində, fəaliyyətinin daha effektiv qurulmasında müstəsna xidmətlər göstərmişdir. Bu baxımdan təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyasının birinci qurultayında təşkilatın çoxminli üzvlərinin istəyinə uyğun olaraq, cənab İlham Əliyev partiya Sədrinin müavini, ikinci qurultayda isə Sədrin birinci müavini seçilmişdir. Real həqiqətdir ki, tarixi şəxsiyyətin yolunu, ideyalarını yalnız tarixi şəxsiyyətlər davam etdirə bilər. Məhz bu səbəbdəndir ki, dünya şöhrətli dövlət xadimi, Ulu öndər Heydər Əliyev hələ 2003-cü ildə siyasi uzaqgörənliklə xalqa müraciətində hakimiyyət sükanının cənab İlham Əliyevə etibar olunmasını məsləhət bildi.  Ümummilli lider Heydər Əliyev 2003-cü ilin oktyabr ayında Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevlə bərabər, həm də Yeni Azərbaycan Partiyasına yüksək önəm verdiyini qeyd etmiş, xalqa ən düzgün seçim ünvanı kimi məhz İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını göstərmişdir: «Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir».

2003-cü, 2008-ci və 2013-cü illərdə Heydər Əliyev siyasi kursunun alternativsiz davamçısı kimi Prezident seçkilərinə qatılan cənab İlham Əliyevin qələbəsi həm də Yeni Azərbaycan Partiyasının zəfəri, nailiyyəti idi. 2005-ci ilin mart ayında Yeni Azərbaycan Partiyasının III qurultayının nümayəndələri çox şərəfli bir seçimə imza ataraq, cənab İlham Əliyevi təşkilata rəhbər seçdilər. Bu onu deməyə tam əsas verirdi ki, Yeni Azərbaycan Partiyasının yüz minlərlə üzvü və sayı milyonu keçən təəssübkeşləri, yeni Sədrini yekdilliklə dəstəkləyir və Onun ətrafında sıx birləşərək, yeni Azərbaycan quruculuğunda fəal iştirak edir. Ötən müddət ərzində özünü tam doğruldan bu inam həm də Yeni Azərbaycan Partiyasının növbəti böyük nailiyyətlər əldə etməsinə əsas zəmin oldu.

Hazırda Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir. Bu çox böyük bir ordudur. Partiyamız öz ətrafında cəmiyyətin intellektual təbəqəsini birləşdirir ki, bu da çox mühüm bir göstəricidir. Partiyanın Gənclər Birliyi və Qadınlar Şurası da təşkilatın aparıcı qolları olaraq ölkənin ictimai-siyasi həyatında çox fəal iştirak edirlər.

Bu gün həm Yeni Azərbaycan Partiyasında, həm də müstəqil Azərbaycanda Heydər Əliyev ideyaları şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir, nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur. Bu missiya əsasını Ulu öndərin qoyduğu müvəffəqiyyətlərin, milli inkişaf strategiyasının daha geniş miqyaslı davamıdır. Azərbaycan  Prezidenti cənab İlham Əliyev ölkəmizin əldə etdiyi böyük uğurların müəllifinin mövcud iqtidar və hakimiyyətin siyasi istinadgahı olan Yeni Azərbaycan Partiyası olduğunu bəyan etmişdir. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanmışdır. Son 13 ilin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın. Bu gün Azərbaycanın tərəqqisi dünyanın hər bir güşəsindən görünür. Bu həqiqətin əsasını cənab İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir.

Ulu öndərimiz Heydər Əliyev Azərbaycanda təkrarsız, unikal dövlət idarəçilik məktəbi yaratdı və onu xalqımız üçün zəngin bir irsə çevirdi. Xalqımızın ümid yeri olan dahi şəxsiyyət respublikamiza rəhbərlik etdiyi dönəmdə öz yorulmaz və çoxşaxəli fəaliyyəti ilə müasir Azərbaycanın tarixini yaratdı. Biz bu gün böyük qürur hissi ilə  deyə bilərik ki, müasir müstəqil Azərbaycan dövləti öz başlanğıcını 1992-ci il noyabrın 21-dən - Yeni Azərbaycan Partiyasının yaradılması tarixindən götürüb. Bu müddətdə  Yeni Azərbaycan Partiyası Azərbaycan xalqına əvəzsiz xidmətlər göstərmiş, xalqımızı, millətimizi, ölkəmizi bugünkü vəziyyətə gətirib çatdırmış və Azərbaycanı regionda bütün sahələr üzrə ən inkişaf etmiş ölkəyə çevirmişdir. Artıq 25 ildir ki, ölkəmizin siyasi səhnəsində uğurlu fəaliyyət göstərən partiyamız bu gün də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini nümayiş etdirir. Son illərin sosial-iqtisadi uğurları, Azərbaycanın beynəlxalq mövqelərinin və nüfuzunun yüksəlməsi bunun bariz göstəricisidir.

Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşib. Möhtərəm İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına olan dərin inamdan və ehtramdan irəli gəlir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın 2013-cü ilin iyun ayının 7-də Yeni Azərbaycan Partiyasının V qurultayında partiyanın sədr müavini seçilməsi bu siyasi təşkilatın fəaliyyətinə yeni güc gətirdi. Bütün bunların nəticəsidir ki, Yeni Azərbaycan Partiyası monolit birliyi, sosial bazası və yüksək intelekti olan bir hakim siyasi təşkilat olaraq ölkəmizin ictimai-siyasi həyatında əvəzsiz işlər görür. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir.

Bu gün Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr durur. Bu vəzifələrin ən başlıcası Ümummilli liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onun regionun və dünyanın qüdrətli dövlətləri sırasında liderliyini qorumaqdadır. Yeni Azərbaycan Partiyası bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq Azərbaycanın çiçəklənməsinə və dövlətçiliyimizin qüdrətlənməsinə böyük töhfələr verəcək. 

DİGƏR Xəbərlər Arxiv