YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniya KİV-ləri Bakı-Tbilisi-Qars dəmir yolundan yazır

Almaniya KİV-lərində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu haqqında məqalələr dərc edilib.

“Nachrichtenexpress.com” veb-portalında yerləşdirilmiş məqalədə BTQ-nin texniki və maliyyə aspektlərinə dair məlumat verilib. Habelə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimindəki çıxışına istinadla, bu yolun Avropa ilə Asiya arasında ən qısa yol olduğu, bu yol vasitəsi ilə ilkin mərhələdə beş milyon ton, sonrakı mərhələlərdə isə 17 milyon ton və daha çox yükün daşınacağının planlaşdırıldığı bildirilib.

“Business and Diplomacy” jurnalının diplomatik korpus arasında yayımladığı aylıq buraxılışında “Dəmir İpək yolu” sərlövhəli xəbər yer alıb. Xəbərdə “uzunluğu 846 km olan dəmir yolu xəttinin üç ölkənin ərazisindən keçən dəmir yolu xətlərini birləşdirdiyi, bu yol vasitəsi ilə Qərbi Avropadan Çinə daşınacaq yüklər üçün tələb olunan vaxtın 12-15 günədək qısalacağı” qeyd olunub.

“Der Tagesspiegel” qəzetində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması münasibəti ilə “Ərdoğan və yeni İpək yolu xəyalları” sərlövhəli məqalə dərc edilib. Məqalədə BTQ qədim İpək yolu ilə müqayisə olunub: “Avropa ilə Asiyanı birləşdirən dəmir yolunun çəkilişinə təxminən bir milyard dollar xərclənib, bu xərclərin böyük əksəriyyəti SOCAR-ın vəsaitləri hesabına ödənilib. Tranzit ölkələr daim inkişaf edən Çinlə Avropa arasında mal və əmtəələrin daşınmasına ümid edirlər, amma Çin özü cari ilin yanvar ayında Qazaxıstan və Rusiyadan keçməklə Avropaya uzanan yeni dəmir yolu çəkib. Bununla belə, BTQ-nin Çinin çəkdiyi yol ilə müqayisədə bir üstünlüyü var: Çin-Qazaxıstan-Rusiya yolu ilə yüklərin daşınması 18 gün davam etdiyi halda, BTQ ilə yüklərin daşınmasına cəmi 15 gün tələb olunur”. Məqalədə Ermənistanın BTQ-dən kənar qalması da vurğulanıb. Habelə Türkiyənin bu yoldan böyük dividend gözlədiyi bildirilib.

“Deutsche Verkehrzeitung” qəzetində dərc olunan məqalədə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışında Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstanın dövlət və hökumət başçılarının iştirak etdiyi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xitabla “Bakı-Tbilisi-Qars dəmir yolunun tarixi İpək yolunu yenidən canlandıracağı və onun sülhə, sabitliyə, iqtisadi inkişafa, həmçinin region ölkələrinin ümumi inkişafına töhfə verə biləcəyi” bildirilib. Məqalədə Ermənistanın Bakı-Tbilisi-Qars kənar qalması da diqqətə çatdırılıb.