YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Dövlət Departamenti Azərbaycan, Ermənistan prezidentlərinin və dövlət katibi Con Kerrinin birgə görüşü barədə bəyanat yayıb

ABŞ Dövlət Departamentinin mətbuat xidməti sentyabrın 4-də Uelsdə Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan prezidenti Serj Sarkisyanın və dövlət katibi Con Kerrinin birgə görüşü barədə bəyanat yayıb.

Bəyanatda deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yönəlmiş səyləri müzakirə etmək üçün Uelsin Nyuport şəhərində NATO-nun sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan Prezidenti Serj Sarkisyanın və ABŞ-ın xarici siyasət idarəsinin başçısı Con Kerrinin birgə görüşü olub. Bu yaxınlarda təmas xətti boyunca zorakılıq dalğası yaranmasından ciddi narahat olduğunu bildirən ABŞ dövlət katibi vurğulayıb ki, bu hadisələr 1994-cü ildə atəşkəs rejimi qüvvəyə minəndən bəri münaqişənin ən qanlı dövrü olub.

Bəyanatda deyilir: “Birləşmiş Ştatlar belə hesab edir ki, döyüş əməliyyatlarının dayandırılması və Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması hər iki ölkənin xalqına sülh və firavanlıq gətirəcək, Cənubi Qafqazda sabitlik yaranmasına kömək edəcək.

Dövlət katibi C.Kerri prezidentləri bu məqsədlər nəzərə alınmaqla atəşkəs rejiminə ciddi riayət etməyə və öz xalqlarını sülhə hazırlamaq üçün əlavə tədbirlər görməyə çağırıb”.

Dövlət katibi C.Kerri prezidentləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işləməyə çağırıb və vurğulayıb ki, həmsədrlər münaqişənin dinc yolla və davamlı tənzimlənməsinə nail olmaqda tərəflərə kömək etməyə hazırdırlar. O, prezidentlərin nizamlamanın əsas elementlərinə dair dialoqu davam etdirmək səylərini alqışlayıb. C.Kerri tərəfləri ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəstəyi ilə ATƏT-in fəaliyyətdə olan isveçrəli həmsədri tərəfindən təklif edilmiş daha formal danışıqlar prosesinə başlamağa çağırıb.

ABŞ Dövlət Departamentinin bəyanatının sonunda qeyd edilir ki, tərəflər arasında etimadın artırılması, region xalqlarının layiq olduğu möhkəm sülhə təkan verilməsi üçün sabitlik zəruridir.