YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Regiondakı münaqişələr sülhün təmin olunmasına əsas maneədir

«Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin imzaladığı birgə bəyannamə və səsləndirdikləri bəyanatlar bütövlükdə Azərbaycan-İran-Rusiya üçtərəfli formatının və bu formatda təmsil olunan dövlətlərin regionda və dünyada baş verən hadisələrə münasibəti kimi xarakterizə oluna bilər». Bu fikirləri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan, İran və Rusiya prezidentlərinin noyabrın 1-də Tehranda keçirilmiş üçtərəfli görüşü ilə bağlı Trend agentliyinə müsahibəsində deyib.  

Əli Həsənov bildirib ki, regiondakı münaqişələr sülhün təmin olunmasına əsas maneədir. Onun sözlərinə görə, beynəlxalq səviyyədə Yaxın Şərqdə – Suriya və İraqda, Cənubi Qafqazdakı qarşıdurmalar, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ və digər münaqişələrə nümayiş etdirilən vahid yanaşma ondan ibarətdir ki, bu tipli problemlər bütövlükdə sülhün və təhlükəsizliyin davamlı şəkildə təmin olunmasına maneədir və mütləq aradan qaldırılmalıdır. Belə mürəkkəb məsələlərin həlli üçün mütləq beynəlxalq hüquq normaları tətbiq olunmalıdır. Bütün bunlar prezidentlərin Tehran görüşündə də səsləndi.

«Əlbəttə, Azərbaycan tərəfi görüşdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və bunun nəticəsində özünü izolyasiya vəziyyətinə saldığını diqqətə çatdırdı. Bildirildi ki, bu münaqişə Cənubi Qafqazda və ümumiyyətlə, Xəzər-Qara dəniz hövzəsində sülh və təhlükəsizliyə ciddi təhdid yaradır. Gələcəkdə həm energetika, həm nəqliyyat, həm də təhlükəsizlik sahəsində əməkdaşlıq üçün Ermənistanın işğalçılıq siyasətindən imtina etməsi və Azərbaycanın işğal olunmuş torpaqlarından çıxması zəruriliyi ortaya qoyuldu. Düşünürəm ki, prinsipcə bu dövlətlərin sülh və təhlükəsizlik istiqamətində mövqeləri ilə Azərbaycanın bəyanatı üst-üstə düşdü. Qeyd edim ki, birgə bəyannamədə iqtisadi, sosial, nəqliyyat və energetika sahəsində əməkdaşlıq və digər məsələlər də öz əksini tapdı»- deyə, Əli Həsənov qeyd edib.