YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlana Abdul Qafur Heydəri: Pakistan və Azərbaycan qardaş ölkələrdir

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Senat sədrinin müavini Mövlana Abdul Qafur Heydəri ilə görüşüb.

Görüşdə Azərbaycan və Pakistan parlamentlərinin sıx əlaqələrindən, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafında parlamentlərin önəmli rolundan, hər iki ölkənin nüfuzlu beynəlxalq təşkilatlar, xüsusən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığından bəhs olunub.

Söhbət zamanı Pakistan Senatının xarici əlaqələr komitəsi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, Xocalı soyqırımının tanınması haqqında, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çıxarılmasını tələb edən qətnamələrin qəbul edilməsinin yüksək qiymətləndirildiyi vurğulanıb. İşğala məruz qalan qədim Azərbaycan torpaqlarında İslam aləminə aid dini-mədəni abidələrin dağıdılmasının və ya təhqirə məruz qalmasının qəbuledilməz olduğu bildirilib.

Azərbaycan Prezidentinin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu bildirən Əli Əlizadə Azərbaycanın İslam ölkələri, o cümlədən Pakistanla əlaqələrin inkişafına daim xüsusi önəm verdiyini bildirib. Səfir cari ildə Bakıda İslam Həmrəyliyi Oyunlarının, həmçinin ölkəmizdə müxtəlif tədbir və konfransların keçirildiyini, eləcə də bir sıra xarici dövlətlərdə Azərbaycanın təşkilatçılığı ilə baş tutan tədbirlərdə Pakistanın da təmsil olunduğunu diqqətə çatdırıb.

Pakistan ilə Azərbaycanın qardaş ölkələr olduğunu deyən Mövlana Abdul Qafur Heydəri İslam ölkələri arasında birlik və əməkdaşlığın möhkəmlənməsinin vacib olduğunu, Pakistan-Azərbaycan münasibətlərinin buna nümunə sayıldığını diqqətə çatdırıb. O, hökumətlərarası əlaqələrlə yanaşı, xalqlarımız arasında münasibətlərin daha da yaxınlaşmasının vacibliyini qeyd edib, beynəlxalq və regional məsələlərdə Azərbaycanın da Pakistana verdiyi dəstəyin dostluq və qardaşlığın bir təzahürü kimi qiymətləndirildiyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin iqtisadi, humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, parlamentlərarası dostluq qrupları arasında əlaqələrin daha da inkişaf etdirilməsi, qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.